Xırdalanda yaşayış binasında baş vermiş partlayış nəticəsində dağıntılar altında qalan, sonuncu üç nəfərdən ikisi bir qədər əvvəl uçqunun altından çıxarılıb, digərlərinin çıxarılması üzrə əməliyyat davam etdirilir.
Oxu.Az ANS TV-yə istinadən xəbər verir ki, Xırdalanda baş vermiş partlayış nəticəsində dağıntılar altından 9 nəfəri xilas etmək mümkün olub. Dağıntılar altından 2 nəfərin isə meyiti çıxarılıb. Ölənlərdən biri həmin ərazidə taksi sürücüsü kimi fəaliyyət göstərən Məharət Abbasov olduğu deyilir. Eyni zamanda yaralılar arasında azyaşlılar da var.
Hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin xilasediciləri dağıntılar altında daha iki nəfərin olduğunu deyirlər. Hadisə şahidləri baş vermiş partlayışı belə xatırlayırlar.
Şahid Kamran Qasımovun sözlərinə görə, partlayış səhər saatlarında baş verib:
“Partlayışdan dərhal hamı əraziyə gəldi. Yaşayış binasının arxa və qabaq hissələrindən bir kişi olmaqla, ümumilikdə iki nəfər çıxarıldı. Bundan sonra isə binadan bir qadın və bir uşaq da çıxardılar”.
Şahid Gülbala Abdullayev deyir ki, bir ay əvvəl binaya sayğac quraşdırıblar: “Sayğac quraşdırılan vaxdan, yaşayış binasınada 2 partlayış hadisəsi baş verib. Birinci partlayış zamanı 1-ci mərtəbədə yaşayan yaşlı bir qadın yanıb. İkincisidə bu gün baş verib”.
Səhiyyə Nazirliyi Xırdalanda yaşayış binasında baş vermiş partlayışla əlaqədar xəsarət alanların vəziyyətinin nəzarət altında oldğunu açıqlayıb.
Fövqəlada hallar naziri Kəmaləddin Heydərov partlayış baş verən əraziyə baş çəkib. Partlayış Xırdalan şəhərində tikintisi başa çatmamış beşmərtəbəli yaşayış binasında baş verib və hələ də axtarış-xilasetmə işləri davam etdirilir.