Bu gün dövlət xadimi, Qarabağın general-qubernatoru, Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri Sultanov Xosrov bəy Paşa bəy oğlunun anadan olmasından 135 il ötür.
Oxu.Az xəbər verir ki, Xosrov bəy Sultanov 1879-cu il may ayının 10-da Zəngəzur qəzasının Hacısamlı nahiyəsinin Qurdqajı (Qasımuşağı obasında) kəndində (indiki Laçın rayonu) dünyaya göz açıb. Gəncə gimnaziyasını bitirdikdən sonra Odessada ali tibb təhsili alıb. 1918-ci ilin 28 mayında Tiflisdə Azərbaycan Milli Şurası adından Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi Bəyannaməsinə imza atan 26 nəfərdən biri də Xosrov bəy Sultanov olub. Xalq Cumhuriyyətinin həmin gün təşkil edilmiş birinci hökuməti kabinetində Xosrov bəy hərbi nazir postunu tutub. O, Zaqafqaziya seyminin və Azərbaycan parlamentinin üzvü olub.
Xosrov bəy Sultanov 1919-cu ilin 15 yanvarında Qarabağın general-qubernatoru təyin olunub. Həmin ilin 21 martında erməni-daşnak hərbi dəstələri Qarabağa yeganə keçid olan Əsgəran keçidini zəbt ediblər. Amma daşnak generalı Dronun hərbi dəstələri Xosrov bəyin başçılıq etdiyi Azərbaycan əsgərləri tərəfindən mayın 30-da darmadağın edilib, Xankəndi və Şuşa geri alınıb.
1920-ci ildə Qızıl ordunun Azərbaycana daxil olduğu xəbərini eşidən Xosrov bəy Sultanov özünü Qarabağ İnqilabi Komitəsinin sədri elan edir və Sovet ordusunun gəlişini gözlədiyini Nəriman Nərimanova deyir. Nəriman Nərimanov isə onun yerinə Dadaş Bünyadzadəni təyin edir.
1923-cü ildən general Xosrov bəy Sultanovun həyatında mühacirət dövrü başlayıb. O, Türkiyədə, İranda (1926), daha sonra Fransa və Almaniyada yaşayıb, Almaniyada Tibb Universitetində professor vəzifəsində çalışıb. Bundan sonra, 1936-cı ildə Türkiyəyə qayıdan Xosrov bəy Sultanov Trabzonda məskunlaşıb.
Xosrov bəy 1947-ci ildə vəfat edib.