Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Yanan binanın ətrafında qalmaqal
Mayın 19-da Binəqədi rayonunda çoxmərtəbəli binada baş verən dəhşətli yanğın zamanı avtomobillərinə və digər əmlaklarına ziyan dəymiş vətəndaşlar etiraz aksiyası keçirməyə hazırlaşır.
Oxu.Az-ın xəbərinə görə, bu barədə virtualaz.org saytına zərərçəkənlər özləri məlumat verib.
Zərərçəkən Ülvi Hüseynovun sözlərinə görə, yanğın zamanı 10 vətəndaşın avtomobilinə ziyan dəydiyi halda onların sahiblərinə heç bir ödəniş olmayıb:
“Bizə söz verildi ki, bina təmir olunana qədər avtomobillərimizə dəymiş ziyan ödəniləcək. Amma sonra bundan boyun qaçırdılar. Ekspertiza avtomobillərə və yaxınlıqdakı qeyri-yaşayış tikililərinə, sosial obyektlərə dəyən ziyanla bağlı rəy hazırlayaraq Nazirlər Kabinetinə də təqdim edib. Baş nazirin müavini Abid Şərifov da iclasda söz vermişdi ki, bizim problemimiz də həll olunacaq. Artıq üstündən 3 ay keçib, amma nəticə yoxdur”.
Ülvi Hüseynovun sözlərinə görə, onun avtomobilinə dəyən ziyanın məbləği 10 min manata yaxındır:
“Buna baxmayaraq ekspertizanın rəyində 6 min 500 manat göstərilib. Ona da razıyam, təki dəymiş ziyanı ödəsinlər. Yaxınlıqda internet klubu olan adamlar var, obyektləri yanğında yararsız hala düşmüşdü. Onlara da söz verilmişdi ki, kompüterlər alınacaq, amma heç nə etmədilər. Bizim səsimizi eşidən yoxdur, ona görə də aksiya keçirəcəyik”.
Qeyd edək ki, bu il may ayının 19-da Binəqədi rayonundakı çoxmərtəbəli binada baş verən yanğın nəticəsində 14 nəfər dünyasını dəyişib.
E.Ə.
www.oxu.az