Baku TV-nin qaynar xəttinə müraciət edən vətəndaş Yasamal rayonu, Əbdürrəhim bəy Haqverdiyev və Əhməd Cəmil küçələrinin kəsişməsində yerləşən çoxmərtəbəli yaşayış binasının həyətinə girişin məhdudlaşdırıldığını bildirib.
Sakinlərin sözlərinə görə, məhəllənin girişində qanunsuz şlaqbaum quraşdırılıb. Qurğunun pultunun yalnız bir neçə sakində olması digər sakinlərin, qonaqların və taksilərin əraziyə daxil olmasına maneə yaradır.
Şikayətçi Zaur Nəcəfovun sözlərinə görə, şlaqbaum 2023-cü ilin martında özbaşına quraşdırılıb.
"Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinə və Yasamal Rayon İcra Hakimiyyətinə müraciət etmişdim. Qurumlar tərəfindən müvafiq akt tərtib olundu və şlaqbaum söküldü. Lakin həmin şəxslər qanunvericiliyin tələblərinə məhəl qoymayaraq onu yenidən quraşdırdılar. Dəfələrlə etdiyimiz şikayətlər nəticəsiz qalıb", - deyə şikayətçi bildirib.
Məsələ ilə bağlı aidiyyəti polis orqanından bildirilib ki, ərazidəki məhdudiyyət aradan qaldırılacaq və faktla bağlı müvafiq tədbirlər görüləcək.