Cənubi Sudanda silahlı şəxslərin qurduğu pusqu nəticəsində BMT-nin iki sülhməramlısı həlak olub.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə BMT-nin Cənubi Sudandakı Missiyasının (UNMISS) yaydığı məlumatda bildirilib.
Məlumata görə, hadisə nəticəsində daha yeddi nəfər yaralanıb. Yaralananlardan üçü sülhməramlıdır.
Missiyanın patrulu Conqley ştatının Pacut yaşayış məntəqəsi yaxınlığında pusquya düşüb. Naməlum şəxslər sülhməramlılara, onları müşayiət edən polis əməkdaşlarına və mülki şəxslərə atəş açıblar.
Toqquşmanın baş verdiyi əraziyə cəld reaksiya dəstəsi göndərilib. Hücum edən şəxslərin axtarışı davam etdirilir.
Qeyd edək ki, BMT-nin Cənubi Sudandakı Missiyası 2011-ci ildə BMT Təhlükəsizlik Şurasının qərarı ilə yaradılıb. Hazırda missiyanın şəxsi heyətinin sayı təxminən 18 min nəfərdir. Onlardan 17 mini hərbi qulluqçudur.
Missiyada dünyanın 75-dən çox ölkəsinin nümayəndələri xidmət edir. Döyüş bölmələrinin əsasını Hindistan, Ruanda, Nepal, Banqladeş və Efiopiyadan olan hərbçilər təşkil edir.