Azərbaycanda ekologiya polisi yaradılmalıdır.
Oxu.Az xəbər verir ki, bu təkliflə millət vəkili Elmira Axundova çıxış edib.
O qeyd edib ki, əgər bu məsələ həllini tapmasa, “Yaşıllıqların mühafizəsi haqqında” qanun, İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklər kağız üzərində qalacaq:
“Ölkəmizdə torpaqlardakı yaşıllıqların uçot və monitorinqi bu günə kimi zəif aparılırdı və bu da profilaktik işin olmaması ucbatından müxtəlif fəsadlara gətirib-çıxarırdı.
Adıçəkilən qanuna və Məcəlləyə təklif olunan dəyişikliklərdə isə bunu nəzərə alaraq düzəliş edilməsini təklif edirlər. Ona görə adıçəkilən dəyişiklikləri yüksək qiymətləndirməklə yanaşı, bir təklifimi də səsləndirmək istərdim, bu da respublikada ekologiya polisinin yaradılması məsələsidir.
Həmin qurum Daxili İşlər Nazirliyi nəzdində fəaliyyət göstərə bilər, ya da Ekologiya və Təbii Sərvətlər Nazirliyi nəzdində. Əsas odur ki, bu qurum müntəzəm olaraq ekologiya və ətraf mühitin mühafizəsini təşkil edərək, yaşıllıqların məhv edilməsi, ətraf mühitin zibillənməsi və digər bu yöndə olan xoşagəlməz faktları vaxtında aşkar edib, lazımi profilaktik və administrativ tədbirlər görə bilər. Çünki lazımi nəzarət və xüsusi qurum olmasa, bu qanun dəyişikliyi kağızda qala bilər”.
Qeyd edək ki, “Yaşıllıqların mühafizəsi haqqında” qanunun 11.0.2-ci maddəsinə edilən dəyişiklikdə göstərilir ki, yaşıllıq ərazilərdə cari və gələcəkdə planlaşdırılan işlər, habelə, yaşıllıqların uçotu, kadastrı və monitorinqi barədə müvafiq icra hakimiyyəti orqanından, bələdiyyə mülkiyyətində olan torpaqlardakı yaşıllıqların uçotu və monitorinqi barədə bələdiyyələrdən məlumat hüququ təsbit olunsun.
İnzibati Xətalar Məcəlləsinin 253-1.1.3-cü maddəsinə edilən texniki xarakterli dəyişiklikdə isə qeyd olunur ki, yaşıllıqların uçotu və monitorinqi haqqında məlumatların müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə - vəzifəli şəxslər min, hüquqi şəxslər isə üç min manat miqdarında cərimələnsinlər.
Hər iki sənəd ölkə prezidenti tərəfindən imzalandıqdan sonra hüquqi qüvvəyə minəcək.
Kamil HƏMZƏOĞLU
www.oxu.az