Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Yeddi yaşlı uşağın ölümündə təqsirləndirilən məşqçi təhsil müəssisəsinə necə cəlb olunub? - YENİLƏNİB + FOTO
“Aprelin 29-da Sumqayıtın Hacı Zeynalabdin qəsəbəsində 19 saylı məktəbin idman zalında xəsarət alan və xəstəxanada vəfat edən yeddi yaşlı Fərid Bakarov məktəbli deyil”.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Abşeron-Xızı Regional Təhsil İdarəsindən bildirilib.
Məlumatda qeyd edilib ki, 29.04.2023-cü il tarixdə saat 17 radələrində “Təhsil” Respublika İdman Mərkəzinin Sumqayıt şəhər 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin məşqçisi Xəlilov Mehman Mehran oğlu Sumqayıt şəhər 19 nömrəli tam orta məktəbin idman zalında sambo idman növü üzrə məşq keçən zaman 14.02.2016-cı il təvəllüdlü Bakarov Fərid Revaz oğlu xəsarət alaraq dünyasını dəyişib:
“F.Bakarov həmin məktəbin şagirdi deyil. M.Xəlilov isə həmin məktəbin müəllimi deyil. 2022-ci ilin oktyabrından elm və təhsil nazirinin müavini Firudin Qurbanovun ümumtəhsil müəssisələrində dərsdənkənar vaxtlarda məktəbdənkənar müəssisələrin fəaliyyətinə köməklik göstərilməsi ilə bağlı rəsmi məktubu daxil olmuşdu.
Bu məktubun, eləcə də “Təhsil” RİM-in direktoru Fuad Aslanovun imzası ilə 19 nömrəli məktəbə göndərilən məktubun əsasında həmin müəllim 19 nömrəli məktəbdə məşq keçib”.
“Qeyd olunan hadisəyə qədər belə bir fakt baş verməyib və onunla bağlı hər hansı şikayət olmayıb”, - deyə əlavə edilib.
12:48
Aprelin 29-da Sumqayıtın Hacı Zeynalabdin qəsəbəsində 19 saylı məktəbin idman zalında yeddi yaşlı Fərid Bakarova ağır xəsarətlər yetirərək ölümünə səbəb olan Mehman Xəlilovun təhsil müəssisəsinə necə cəlb olunduğuna aydınlıq gəlib.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Öncə qeyd olunub ki, F.Bakarov qeydiyyatdan kənar məşq keçirmiş:
“Aprelin 29-da Sumqayıt şəhəri 19 nömrəli tam orta məktəbin idman zalında Avropa Oyunlarının mükafatçısı, idman ustası, məşqçi-müəllim Mehman Xəlilov bir qrup uşaqla sambo məşqi keçib. 2016-cı il təvəllüdlü Fərid Bakarov azyaşlı olmasına baxmayaraq, Mehman Xəlilovun təşəbbüsü ilə qeydiyyatdan kənar məşqə cəlb edilib.
Müşahidə kamerasının görüntüsünə əsasən, məşqçi azyaşlıya qarşı kobud rəftar edib. Bir müddət sonra halı pisləşən azyaşlı xəstəxanaya aparılıb. Təəssüf ki, xəstəxanada azyaşlı Fərid Bakarovun həyatını xilas etmək mümkün olmayıb”.
Nazirlikdən bildirilib ki, uşaqların dərsdənkənar idman və yaradıcılıq üzrə maraq və bacarıqlarının aşkar edilməsi üçün ümumi təhsil müəssisələrində dəstək mexanizmləri həyata keçirilir. Mehman Xəlilov da bir sıra nüfuzlu yerli və beynəlxalq idman turnirlərinin qalibi olduğundan bu fəaliyyət çərçivəsində ümumtəhsil məktəbinin idman zalında sambo məşqçisi kimi fəaliyyətinə imkan yaradılıb.
“Elm və Təhsil Nazirliyi olaraq azyaşlı övladımızın vəfatından kədərləndiyimizi bildirir və mərhumun ailəsinə dərin hüznlə başsağlığı veririk”, - nazirlikdən qeyd olunub.
İlhamə Əbülfət
Rəylər