Paytaxtın Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində yerləşən uşaq bağçasının qarşısındakı ağac sakinlərin narahatlığına səbəb olub.
Oxu.Az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Bildirilib ki, Samir Cəfərov küçəsi 54 ünvanında - 23 saylı uşaq bağçasının qarşısında yerləşən ağac əyilmiş vəziyyətdədir və hər an aşma təhlükəsi var. Sakinlərin sözlərinə görə, ağacın bu vəziyyəti xüsusilə bağçaya gedib-gələn uşaqlar və valideynlər üçün risk yaradır.
"Ağacın kökü torpaqdan qopmaq üzrədir. Hər an aşa bilər", - deyə şikayətdə bildirilib.
Oxu.Az-ın sorğusuna cavab olaraq Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən bildirilib ki, artıq problem həll olunub.
"Sözügedən ağac bu gün səhər saatlarında aşıb. Birliyə məlumat daxil olan kimi dərhal əməkdaşlar əraziyə yollanaraq ağac kəsilib və ərazidən götürülüb", - deyə məlumatda bildirilir.

