Hazırda magistral yollarda qar olsa da, respublikanın bütün istiqamətlərində yollar nəqliyyatın hərəkəti üçün açıqdır
Bunu Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Oxu.Az-a bildirib.
Baş Dövlət Yol Polisi İdarəsi bütün hərəkət iştirakçılarını, xüsusilə sürücüləri respublikada hava şəraitinin pisləşməsi ilə əlaqədar təhlükəsizlik tədbirlərinə diqqət yetirməyə çağırıb.
“Yol polisi bir daha sürücülərin nəzərinə çatdırır ki, yağmurlu hava şəraiti avtomobilin asfalt yol üzərində sürüşməsinə, əyləc basıldığı zaman istər-istəməz avtomobilin müvazinətinin itirilməsinə və əyləc məsafəsinin uzanmasına səbəb olur. Bu baxımdan sürücülər ilk növbədə tərkibində rezin məmulatının faizi yüksək olan mövsümi təkərlərdən istifadə etməlidirlər.
Sürücülərə belə havalarda xüsusi qış təkərlərindən istifadə etməyi tövsiyyə edirik. Tövsiyə olunur ki, texniki vəziyyəti nasaz olan, şinləri normalara cavab verməyən avtomobillərlə yola çıxmasınlar”.
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildirilib ki, yanvarın 23-ü axşamdan 27-si gündüzədək Azərbaycanın rayonlarında hava şəraitinin kəskin dəyişəcəyi, yağış, sulu qar, qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir.
Temperatur ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcək. Ayrı-ayrı yerlərdə güclü qərb küləyi əsəcək. Çovğun olacağı, yolların buz bağlayacağı ehtimalı var.
Elvin Əhmədov
www.oxu.az