Mayın 31-nə, “Son zəng”ə cəmi bir gün qaldı. Şənbə günü 11-ci sinif şagirdlərinin həsrətlə gözlədikləri “Son zəng” çalınacaq.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, bu il də “Son zəng” tədbirləri yenə də sadəcə məktəb daxilində olacaq. Artıq bir neçə gün bundan əvvəl Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini Səhlab Bağırov valideyn və şagirdlərə xəbərdarlıq etmişdi.
Paytaxt yollarında vəziyyətin stabil olması üçün isə Bakı şəhər Baş Dövlət Yol Polis İdarəsi səhər saat 8:00-dən gecə saat 24-dək gücləndirilmiş iş rejimində işləyəcək. Qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bildirdi ki, bütün təhsil ocaqları nəzarətə götürüləcək.
“Valideynlərdən xahiş edirik ki, uşaqlara nəzarəti artırsınlar. Maşınları onlara verməsinlər çünki, çox hadisələr olur. Əgər uşaqlar gəzməyə gedərlərsə maşınsız getsinlər”, - deyə Vaqif Əsədov bildirib.
Dənizkənarı Milli park ərazisində məktəblilərin sıx olacağını nəzərə alaraq bulvar idarəsi də mayın 31-də gücləndirilmiş iş rejimində işləyəcək.
Dənizkənarı bulvar idarəsinin rəis müavini Nazim Məcidov bildirib ki, artıq işlərə başlanılıb. Bütün əməkdaşlar təlimatlandırılıb və həmin gün bütün əməkdaşlar iş başında olacaqlar.
Amma yenə də mayın 31-də valideynlərin üzərinə böyük məsuliyyət düşür. Çünki demək olar ki, hər il “Son zəng” günü paytaxt Bakı da daxil olmaqla respublikanın bölgələrində bədbəxt hadisələr baş verir ki, nəticədə məktəbi yenicə bitirən yeniyetmələr həyatla vidalaşmalı olur.