Dilənçi qız DYP-nin qarşısında özünü maşınların altına atır, yol polisləri isə susur.
Oxu.Az Avtosfer.az-a istinadən xəbər verir ki, saytda iyunun 4-də Xətai rayonu ərazisində – Ukrayna dairəsinin yaxınlığında qaraçı qızın sürücülərə təhlükə yaratması, öz həyatını da təhlükəyə atması barədə məlumat verilib.
Oxuculardan biri Avtosfer.az-a göndərdiyi videoda bütün proses açıq-aydın görünür.
Vətəndaşın idarə etdiyi avtomobilin qarşısına qəflətən qaraçı qız çıxıb və təhlükəli vəziyyət yaradaraq yolu kəsib. Balaca qız sürücüdən pul almaq üçün bu addımı atıb. Lakin bütün hallarda bu, olduqca təhlükəli hərəkətdir. Sürücünün ayıq-sayıqlığı nəticəsində balaca qızcığaza heç nə olmayıb. Sürücü maşını başqa istiqamətə sürməyə çalışsa da, qaraçı qız buna imkan verməyib.
Hər halda, bu mənzərə Xətai rayon Dövlət Yol Polisi Şöbəsinin 15 metrliyində baş verir. Əlbəttə, DYPŞ-nin əməkdaşları bunu görməmiş olmazlar.
Avtosfer.az-ın digər oxucusu Tural Rüstəmli bu məsələ ilə bağlı bildirib ki, həmin qaraçı qız hər gün orada dayanır və avtomobillərin qarşısını kəsib pul istəyir:
“Mən oradan keçəndə qabağımı kəsir, maşınım hündür olduğu üçün ayaq qoyulan yerə, “spoller”in üstünə çıxıb pəncərədən sallanır ki, pul ver. Ötən gün svetoforun düz yanında yenə həmin proses baş verdi. DYP əməkdaşları da dayanıb baxırdılar.
Yol polisləri görürdülər ki, qız yapışıb maşından, yaşıl işıq da yanır, mən sürməliyəm, amma sürsəm bu qız qalacaq təkərin altında. Vallah, yol polisləri heç bir reaksiya vermədilər. Özü də ora düz Xətai rayon Dövlət Yol Polisi Şöbəsinin qarşısı, “Əhmədli” metrostansiyasının yaxınlığıdır”.
Tural Rüstəmli bildirir ki, qaraçılar hər gün həmin ərazidə olurlar və hərəsi bir svetoforda dayanıb bu cür təhlükəli hərəkətlərə əl ataraq dilənirlər:
“Polis onlara heç nə demir. Amma onların birini maşın vursa, yəqin ki, polis həmin sürücünü bədbəxt edəcək”.