"Hazırda Ukraynada hava hücumundan müdafiə üçün ciddi raket çatışmazlığı var".
Oxu.Az xəbər verir ki, bunu "Report"un Şərqi Avropa bürosuna açıqlamasında Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığının rəsmisi, polkovnik Yuri İqnat bildirib:
"Biz demirik ki, raket ümumiyyətlə yoxdur, lakin ballistik raketlərlə hücumları dəf etmək üçün onlar kifayət qədər deyil".
Y.İqnat vurğulayıb ki, ümumilikdə 124 hava hücumu olub, onlardan 50-si ballistik "İskəndər-M", "Sirkon", "S-300", "S-400" raketləri ilə edilib. Bu zərbələr müəyyən obyektiv səbəblərə görə zərərsizləşdirilməyib.
"Əvvəllər müdafiə qüvvələrində "Patriot", PAC-2, PAC-3 - olduğu zaman Ukrayna müəyyən sayda raketləri məhv etmək imkanına malik idik. Ukrayna bu məsələni həll etmək üçün bütün addımları atır".
Ukrayna preventiv addımlar kimi Rusiya ərazisinə zərbələr endirir və hədəflər arasında ballistik və qanadlı raketlərə komponentləri təmin edən istehsalat müəssisələri var:
"Belə hədəfləri vurmaq çox effektivdir. Bu, düşmənin döyüş potensialını azaldır. Digər effektiv tədbir iqtisadi sanksiyalardır".
Y. İqnat ümid edir ki, Kiyev tərəfdaşları ilə əməkdaşlıq çərçivəsində öz silahını yaradacaq, onlar texnologiyalarını Ukrayna ilə bölüşəcək, "Patriot" raketlərinin, sistemlərinin birgə istehsalını etmək mümkün olacaq.