Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
"Zəfər" İB Kopenhagendə keçirilən Zəfər günü tədbirində iştirak edib
"Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova və İctimai Birliyin İdarə Heyətinin üzvü Nərmin Xəlilova Danimarkanın Kopenhagen şəhərində keçirilən "Zəfər" tədbirində iştirak ediblər.
Oxu.Az xəbər verir ki, Danimarka-Azərbaycan "Vətən" Cəmiyyətinin təşkilatçılığı ilə Kopenhagen şəhərində 8 Noyabr - Zəfər Günü münasibətilə keçirilən "Zəfər" tədbirində çıxış edən Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Danimarkada belə bir tədbirin təşkilinə görə "Vətən" Cəmiyyətinə təşəkkürünü bildirib, Zəfər Gününün bütün dünyada qeyd edilməsinin qürurverici olduğunu diqqətə çatdırıb.
Daha sonra çıxış edən Danimarka-Azərbaycan "Vətən" Cəmiyyətinin sədri Mehriban Əliyeva Vətən yolunda canından keçən qəhrəman əsgər və zabitlərimizlə qürur duyduğunu, onların həyat yolunun gənc nəsil üçün vətənpərvərlik nümunəsi olduğunu vurğulayıb. Həmçinin xaricdə yaşayan soydaşlarımızın iştirakı ilə keçirilən bu cür tədbirlərinin davamlı olaraq təşkil olunmasının vacibliyini qeyd edib.
Tədbirdə Müzəffər Ali Baş Komandan İlham Əliyevin çıxışlarının əks olunduğu Zəfər gününə həsr olunan videoçarx nümayiş olunub, vətənpərvərlik mahnılarının, milli musiqimizin sədaları altında üçrəngli bayrağımız dalğalandırılıb, Azərbaycan xalqının qüdrətinin rəmzinə çevrilən 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Zəfərin bir əsrin hüdudlarına sığmadığı vurğulanıb.
"Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova tədbirdə çıxış edərək Zəfər Günü ilə bağlı keçirdiyi qürur hissini tədbir iştirakçıları ilə bölüşüb. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə qayğısını vurğulayıb. "Şəhid ailələri hər zaman ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın diqqətindədir. Mehriban xanımın şəhid ailələri ilə görüşünü heç vaxt unutmaram. O görüşdən sonra özümü daha güclü hiss etdim", - deyə bildirib
"Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi İdarə Heyətinin üzvü, şəhid polkovnik-leytenant Vidadi Xəlilovun həyat yoldaşı Nərmin Xəlilovanın, Danimarka-Azərbaycan "Vətən" Cəmiyyətinin sədri Mehriban Əliyevanın, AYB-nin fəxri üzvü, yazar Eluca Atalının, Danimarkada yaşayan türk tarixçi Bahadur Gülerin çıxışları alqışlarla qarşılanıb. Kopenhagendə doğulub-böyüyən balaca soydaşımız Davud Qubatovun ifasında şəhidlərə həsr olunan şeir, türk sazının mahir ifaçısı Fərhad Uğurun çıxışı iştirakçıların zövqünü oxşayıb, tədbirin ruhuna ruh qatıb.