Xəbər verdiyimiz kimi, AMEA-nın Zoologiya İnstitutunun nəzdində fəaliyyət göstərən Zoologiya Muzeyi bundan sonra pullu xidmət göstərəcək.
Oxu.Az-ın əməkdaşı bununla bağlı muzeyin direktoru, biologiya üzrə fələsəfə doktoru Səbinə Bünyatova ilə əlaqə saxlayıb. Onun sözlərinə görə, müxtəlif hallarda muzeyə giriş qiymətləri dəyişəcək: “Elm haqqında” qanuna əsasən, sahibkara bu dəyişikliyi etməyə icazə verilir. Burada maarifləndirmə işləri aparılır. Bununla bağlı biz artıq bəzi turizm şirkətləri ilə müqavilə imzalamışıq. Məhz buna görə muzeyə giriş pullu olub. Qiymətlər böyüklər üçün 3 AZN, uşaqlar üçün 2 AZN təşkil edir.
Digər hallarda, məsələn, məktəblərdən xüsusi müraciət olunduqda, bu qiymətlər dəyişəcək. Böyüklər üçün 2 AZN, uşaqlar üçün 1 AZN təşkil edəcək”.
***
14.53
AMEA Zoologiya İnstitutunun nəzdində fəaliyyət göstərən Zoologiya Muzeyinin xidmətlərinin qiymətləri təsdiqlənib.
Oxu.Az xəbər verir ki, institutdan Trend-ə verilən məlumata görə, qiymətlər uşaqlar və böyüklər üçün ayrı-ayrılıqda müəyyən olunub.
Zoologiya Muzeyində 257 növ onurğalı heyvan, o cümlədən 44 növ məməli, 116 növ quş, 36 növ sürünən, 13 növ suda-quruda yaşayan və 50 növ balıq eksponatları nümayiş olunur.
Təbii heyvan müqəvvaları içərisində həm Azərbaycan faunasına, həm də dünya faunasına aid nümunələr vardır. Azərbaycanın “Qırmızı Kitabı”na salınmış Xəzər qızılbalığı, adi zərdəpər, adi triton, karelin tritonu, Qafqaz xaçlıcası, Qafqaz quru qurbağası, Aralıq dənizi tısbağası, Pallas təlxəsi, çəhrayı qutan, qıvrımlələk qutan, adi ərsindimdik, qara leylək, adi flaminqo, qırmızıdöş kazarka, ağdöş qaz, ağgöz qaraördək, qara çalağan, tetraçalan, cırtdan qartalça, böyük qartal, leşyeyən, ağbaş kərkəs, adi qızılquş, qaragöz qızılquş, Qafqaz tetrası, adi turac, Qafqaz qırqovulu, boz çilkəklik, boz durna, telli durna, adi çivdimdik, sultantoyuğu, adi bəzgək, adi bizdimdik, Hindistan tirəndazı, qonur ayı, adi safsar, Xəzər suitisi, Avropa cüyürü, nəcib maral, ceyran kimi nadir növlərin eksponatları vasitəsilə əyani şəkildə faunamızın növ müxtəlifliyi haqqında ətraflı təsəvvür yaradır.
Aytən Sadıqzadə
www.oxu.az