Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Bakıda silahlı şəxs saxlanılıb – FOTO
Sabunçu Rayon Polis İdarəsi 13-cü Polis Bölməsinə Bakıxanov qəsəbəsi ərazisində Anar adlı şəxsin üzərində qanunsuz olaraq odlu silah-sursat saxlaması barədə məlumat daxil olub.
DİN-in mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, bölmə əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs – Bakı şəhər sakini Anar Əliyev saxlanılıb.
Bölmədə hal şahidlərinin iştirakı ilə onun üzərinə baxış keçirilən zaman içərisində üç ədəd patron olan “Makarov” markalı tapança aşkar olunaraq götürülüb. Saxlanılan şəxs ifadəsində odlu silahı bir müddət əvvəl yaşadığı Maştağa qəsəbəsində tapdığını və həmin gündən bəri üzərində gəzdirdiyini bildirib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.
Bölmədə toplanan material araşdırılması üçün Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Aşkar edilən silahdan hansısa cinayətdə istifadə olunub-olunmadığı araşdırmalardan sonra məlum olacaq.