Azərbaycana narkotik vasitələrin qanunsuz gətirilməsinin qarşısı alınıb.
Bununla bağlı Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən məlumat verilib.
Bildirilib ki, dövlət sərhədinin pozulması ilə əlaqədar Daxili İşlər Nazirliyinin Füzuli rayon şöbəsinin əməkdaşları ilə birgə keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində martın 23-ü 7:00 radələrində Horadiz-Bakı avtomobil yolunun Füzuli rayonu Aşağı Yağlıvənd kəndi hissəsində “Opel” markalı avtomobildə olan bir nəfər İran İslam Respublikasının vətəndaşı 1993-cü il təvəllüdlü Xeyrabadi Səccad Qurban oğlu, iki nəfər Azərbaycan vətəndaşı 1989-cu il təvəllüdlü İlyasov Zöhrab Şərafəddin oğlu və 1992-ci il təvəllüdlü Əliyev Toğrul İsa oğlu şübhəli şəxs qismində saxlanılıblar.
Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-qoşun axtarış tədbirləri nəticəsində daha bir nəfər İran İslam Respublikasının vətəndaşı Cəfəri Fərhad Nəzi oğlu tutulub, əraziyə baxış zamanı ümumi çəkisi 3 kq 995 qr olan (1 kq 995 qr kokos, 2 kq marixuana və 1510 ədəd metadon həbi) narkotik vasitə aşkar olunaraq götürülüb.
Qeyd olunan fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.