20 
Apr
2015
16:00
133
56
17401
Virtual karabakh

MTN-nin saxladığı İŞİD yaraqlısı: Sübut etsinlər, 100 il yataram

20 Apr, 2015
16:00
17401

MTN-nin saxladığı İŞİD yaraqlısı: Sübut etsinlər, 100 il yataram

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Mən kişiyəm”.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada Bəşər Əsədə qarşı olan qanunsuz silahlı birləşmələrdə döyüşməkdə təqsirləndirilən- Tariyel Mustafayev, Ruslan Mustafayev, Namiq Məmmədov, Elvin Əliyev, Tural Həsənov və Fərid Muradovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Oxu.Az xəbər verir ki, Lent.az-ın məlumatına görə, hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndiriləndən Tarıyel Mustafayevin həyat yoldaşı Yeganə Şirinova və Ruslan Mustafayevin anası Əfiqə Mustafayeva ifadə verib.

Yeganə Şirinova həyat yoldaşı Tarıyel Mustafayevin neçə illərdir ki, xəstəlikdən əziyyət çəkdiyini bildirib: 

“Tarıyel saxlanılandan sonra məni MTN-ə dəvət etdilər. Orada ifadə verdim. İfadəmdə də, Tarıyelin müalicə almaq üçün Türkiyə getdiyini, oradan isə məsləhətləşərək müalicəsini Suriyada davam etdirəcəyini bildirmişəm. Mənə verdiyim ifadəni oxumağa imkan vermədilər. Dedilər ki, nə demisənsə yazmışıq. Qol çəkdirib gediblər.

Məhkəmə vaxtı vəkil Yavər müəllim mənə ifadəmi göstərdi. Heyrətləndim. Guya ki, mən ifadəmdə Tarıyelin Suriyaya döyüşməyə getdiyini bilimişəm. O, mənimlə məsləhətləşib. Mən isə ona getməməyi məsləhət bilmişəm. Tarıyel isə özbaşına hərəkət edib, döyüşməyə gedib. Axı belə bir şey yoxdur. Tarıyel Bakıda da müalicə alırdı. Tibbi dillə desək, ruhi xəstədir. Amma biz şəriət dilində onun içinə cin girib deyirik.

Adi həkimlərə də getmişik, dini hocalara da. Xeyri olmurdu. Son zamanlar özünü çox pis hiss edirdi. Evdə məsləhətləşdik ki, Türkiyədə məşhur Adil adlı hoca var. Onun yanına getsin. Türkiyədə müalicə alıb.

Ordan da məsləhət görüblər ki, Suriyadakı həkimlərin yanına getsin. O, həm dini yolla ruqiyyə olundu, həmdə tibbi yolla müalicəsini aparıldı. Tarıyel müalicə alıb, İstanbula gəldi. Mənlə görüşüb, Bakıya qayıtdı. Mən bir müddət orda qaldım. Bakıya gəldim 1 həftədən sonra Tarıyeli həbs etdilər”.

Bundan sonra Yeganə Şirinova hakimlərin, dövlət ittihamçısının və vəkillərin suallarını cavablandırıb. Təqsirləndirilənlərdən Tarıyel Musatafayev qısa çıxış edib:

“Ənvər müəllim, and olsun o yaradan Allahı ki, mən indiyə qədər bir adama da yalan danışmamışam. Heç kim də çıxıb deyə bilməz ki, sən mənə yalan demisən. Mən burda saxlanılanların heç birini tanımıram. Bircə Ruslanı görmüşəm. Onunla da elə münasibətim olmayıb. Bir nəfər çıxsın desin ki, əlimə silah almışam və yaxud hansısa dini icmanın üzvü olmuşam. Əgər onu sübut etsələr, 100 il içəridə yatmağa hazıram. Mən günahsız yerə burda həbsdəyəm. 

Mən kişiyəm. Əgər döyüşmək məqsədi ilə Suriyaya getsəydim, deyərdim. Heç kimdən də qorxmazdım. Həm yoldaşımın, həm də mənim ifadəmi alan müstəntiq öz istədiklərini bura qeyd edib. Ənvər müəllim, xahiş edirəm ki, ifadəmizi götürən müstəntiq məhkəmədə ifadə versin. Sonda da demək istəyirəm ki, biz namaz qılmağın qurbanı olduq”.

Yeganə Şirinovadan sonra Ruslan Mustafayevin anası Əfiqə Mustafayeva ifadə verib. O, çıxışında oğlu ilə fəxr etdiyini bildirib.

“Mən hər zaman demişəm, indi deyirəm ki, mənim oğlum namaz qılır, Allaha ibadət edir. Mənim oğlum günahsız yerə burdadır. Ruslan tutulandan bir nəçə gün sonra qonşular zəng eləyib dedilər ki, eviniz qabağında maşın dayanıb, sizi gözləyir. Mən də nəvəmi baxçadan götürüb evə gəldim. 12-13 nəfər şəxs evdə axtarış aparacalarını bildirdi. Mən səbəbini soruşdum.

Onlar MTN-nin əməkdaşı olduqlarını və Ruslanın işi ilə bağlı axtarış aparacaqlarını bildirdilər. Evimiz 5-6 otaqdan ibarətdir. Bütün otaqları elə-belə axtardılar. Ruslanın otağının qapısı bağlı idi. Açarın yerini gəlindən soruşdum. Otağı açdım. Kameranı yandırdılar, çəkiliş apardılar. 

Bütün yerləri, əşyaları ələk-vələk etdilər. Sonra yatağın altından bir qutu çıxardılar. İlk dəfə idi ki, həmin qutunu görürdüm. Qutunun içindəki patronları çıxarıb, mənə göstərdilər. Dedim ola bilməz. Çünki, bir gün qabaq gəlinlə həmin otağı təmizləmişdik. Onların qutu çıxardığı yerdə elə şey yox idi.

Nəvəmin oyuncaqları vardı. Əgər qutu orda olsaydı, çoxdan xəbərimiz olardı. Ruslan başqa cür oğuldur. Ondan heç zaman şikayətim olmayıb. Uşaqlıqdan bu ölkədə yaşamaq istəmədiyini bildirirdi. Türkiyəyə işləməyə getmişdi. Zəng elədim dedi ki, 3-4 günə gələcəm, gəldi də. İkinci dəfə işləmək üçün getmək istəsə də, onu saxladılar”.

Məhkəmə prosesi aprelin 27-də davam etdiriləcək.

Qeyd edək ki, MTN-in İctimai Əlaqələr Mərkəzinin ötən il sentyabrın 23-də yaydığı məlumatda bildirilib ki, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə, habelə, tərbiyə etmək vəzifəsini daşıyan şəxs kimi yetkinlik yaşına çatmayan şəxsi ağır cinayətin törədilməsinə cəlb etmə və başqa hüquqazidd əməllərinin törədilməsinə görə ümumilikdə 26 nəfər Azərbaycan vətəndaşı şəxs qismində saxlanılıb. 

Saxlanılanlar arasında yuxarıda adları çəkilən şəxslər də var.

İstintaqla müəyyən edilib ki,  təqsirləndirilən şəxslər “İraq və Şam İslam Dövləti” (İŞİD) adlı cinayətkar birliyin tərkibinə daxil olan Suriya Ərəb Respublakası ərazisində həmin dövlətin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində dini düşmənçilik zəminində iştirak ediblər.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 228.1, 12.1, 279.1-ci, 123, 214.2 və 28-ci maddələri ilə ittiham irəli sürülüb.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri