20 
Apr
2015
20:09
35
49
4761
Virtual karabakh

Villadan 650 000 manat qarət edən dəstənin məhkəməsi başa çatıb

20 Apr, 2015
20:09
4761

Villadan 650 000 manat qarət edən dəstənin məhkəməsi başa çatıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Onlar həmin pula “BMW-X5”, “Range Rover”, torpaq sahələri, mənzil alıblar.

Bakı Apelyasiya Məhkəməsində Kamran Cəbiyev, Səbuhi Tağıyev, Azər Şalıyev, Murad Muradov, Ramiz Abdullayev və Rövşən Əzimovun CM-nin 181.3.2 (quldurluq, külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 185.1 (avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirmə), 194.1 (qabaqcadan vəd etmədən bilə-bilə cinayət yolu ilə əldə edilmiş əmlakı xeyli miqdarda alma və ya satma), 221.3 (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Oxu.Az xəbər verir ki, ötən il yanvarın 10-da Xəzər rayonu, Şüvəlan qəsəbəsində Akif Həmzəyevin evinə basqın edilib. Üç nəfər maskalı evə daxil olaraq zərərçəkənə çoxsaylı bıçaq zərbələri endiriblər və içərisində 650 000 manat olan seyfi qarajda dayanan “VAZ-2121” markalı avtomobilə qoyaraq qaçırıblar. Hadisədən təxminən 3 ay sonra Xəzər RPİ-nin əməkdaşları keçirilən əməliyyat nəticəsində dəstənin iki üzvünü yaxalayıb. Kamran Cəbiyev və Səbuhi Tağıyev Salyan rayonu ərazisində idarə etdikləri “BMW-X5” markalı avtomobildə tutulublar. Onlardan 5 qramdan artıq marixuana aşkar edilib. Daha sonra isə Akifin evini onlara nişan verən Murad Muradov tutulub. 

İstintaqla müəyyən edilib ki, gülçülük təsərrüfatı ilə məşğul olan Akif Həmzəyevin villasında pulun olması haqda məlumatı Kamran Cəbiyev bilib və bu xəbəri Murad Muradova çatdırıb. Evə girməyi isə Səbuhi Tağıyev təklif edib. Bir neçə gün evə necə girmək barədə düşünüblər və nəhayət, evə basqın etmək yolunu tapıblar. Onlar evin ikinci mərtəbəsinin nəfəsliyindən içəri daxil olublar və dərhal Akif Həmzəyevi yatağından qaldıraraq əl-qolunu bağlayıblar, ağzını “skoç”layıblar. Bundan sonra Kamran və Murad pulun yerini öyrənmək üçün bıçaqla ev sahibinə zərbələr vurublar və üstünə silah çəkiblər. Öldürüləcəyindən qorxuya düşən Akif Həmzəyev pullarının yerini deyib. Basqınçılar içi dolu pulla seyfi “VAZ-2121” markalı avtomobilə qoyaraq oradan uzaqlaşıblar. 

Mütəşəkkil dəstənin üzvləri seyfi sındıraraq içərisində olan 650 min manat pulu öz aralarında bölüşdürüblər. Pula “BMW-X5”, “Range Rover”, torpaq sahələri, mənzil, hətta avtomobillərinə sonu “90”, “666” olan dövlət nömrə nişanları alıblar. Onlar pulun qalan hissəsini isə əyləncəyə xərcləyiblər. Həmçinin dəstə üzvləri Akif Həmzəyevin evindən oğurladıqları pulun hesabına Dubayda istirahət də ediblər. Cinayət yolu ilə əldə etdikləri pulları Dubayda əyləncələrə sərf eləyiblər. Oğrular hətta bahalı yaxtanın bir sutkalıq kirayəsi üçün 7000 dollar pul ödəyiblər. 
Dubay səfəri başa çatandan sonra onlar Azərbaycana gəliblər və bir neçə gündən sonra polis tərəfindən saxlanılıblar. Mütəşəkkil dəstənin üzvlərinin xərclədiklərindən başqa qalan pul və cinayət yolu ilə aldıqları əmlaklar polis tərəfindən müsadirə olunub. 

Həmçinin məlum olub ki, Səbuhi Tağıyevin cinayəti törətməmişdən əvvəl xeyli borcu olub. O, həmin borcu bağlamaq üçün Akif Həmzəyevin evindən qaçırdıqları maşını borclu olduğu şəxsə verib. 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Kamran Cəbiyev, Səbuhi Tağıyev 13 il müddətinə azadlıqdan məhrum ediliblər. Digər təqsirləndirilən şəxslər Azər Şalıyev, Murad Muradov, Ramiz Abdullayev və Rövşən Əzimovun hər biri 2500 manat cərimə olunublar və məhkəmə zalından azadlığa buraxılıblar.

Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər. Onlar barələrində olan hökmün dəyişdirilməsini və cəzalarının yüngülləşdirilməsini istəyiblər. Həmçinin Baş Prokurorluq hökmdən apelyasiya protesti verib. Prokurorluq Azər Şalıyev, Murad Muradov, Ramiz Abdullayev və Rövşən Əzimovun həbs edilməsini tələb edib. Həmçinin zərərçəkmiş də eyni tələblə şikayət verib. 

Qərara görə, prokurorluq və zərərçəkmişin şikayəti qismən təmin edilib. Təqsirləndirilən şəxslər Ramiz Abdullayev və Rövşən Əzizovun cərimə cəzası 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilib. Təqsirləndirilən şəxslərin şikayəti təmin edilməyib.

C.H.
www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri