29 
Fev
2024
14:04
169
14
1791
Virtual karabakh

Ekspert: “Bakının neft bumu zamanı yaranan arxitekturası hələ öz araşdırmaçısını gözləyir” - MÜSAHİBƏ - FOTO

29 Fev, 2024
14:04
1791

Ekspert: “Bakının neft bumu zamanı yaranan arxitekturası hələ öz araşdırmaçısını gözləyir” - MÜSAHİBƏ - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qədim və müasir memarlığın ahəngini özündə birləşdirən Bakının son illər dəyişməsi, müasir görkəmi ən çox müzakirə olunan, narahatçılıq doğuran mövzulardandır. Daha çox yeni tikililərin şəhərin arxitekturasına uyğun gəlməməsi, paytaxtın mühitini formalaşdıran tikililərin yoxa çıxmasını bir çoxları faciə kimi qəbul edir. İnqilabdan əvvəl, yəni ilk neft bumu zamanı inşa edilmiş binaların tarixi dəyəri var. Odur ki, bir çox insan onların məhv olmasını qəbuledilməz hesab edir, çünki bu, Bakının keçmiş gözəlliyinin tamamilə məhvi ilə nəticələnə bilər.

Şəhərin tarixi və memarlığı sahəsində ekspertlərdən biri olan Fuad Axundov “Report”a müsahibəsində şəhərin oktyabr çevrilişindən əvvəl arxitekturası, sovet dövründə Bakıda mədəni və dini irsə aid olan tikililərin sökülməsi, müasir dövrdə tikilən yeni binaların ümumi mühitə uyğun gəlməsi barədə danışıb:

- Bakının ötən əsrin əvvəlindəki arxitektura tarixi kifayət qədər tədqiq edilibmi?

- Mənə elə gəlir ki, bu sahədə araşdırmalar kifayət qədər deyil. Bir sıra əsas götürülə biləcək işlər var. Məsəl üçün, Şamil Fətullayevin, Rəna Əfəndizadənin işlərini misal gətirmək olar. Mənə elə gəlir ki, Bakının neft bumu zamanı yaranan arxitekturası hələ də öz araşdırmaçısını gözləyir. Amma bu məsələni təkcə arxitektura ilə məhdudlaşdırmaq olmaz. Bunu daha geniş formatda götürmək lazımdır. Bu məsələyə tarixi, mədəni, insan kontekstində yanaşmaq lazımdır. Şəxsən mənim üçün hər bir maraqlı arxitekturası olan evin arxasında bir insan gizlənir. Hər hansı bir binanı onun sahibinin, orada yaşayan insanların prizmasından nəzərdən keçirəndə, o, başqa cür görünür.

“Bakı milyonçuları modern, qotika, barokkonun nə olduğunu bilmirdilər”

- Ümumilikdə inqilabdan əvvəl Bakı arxitekturasını hansı üsluba aid etmək olar?

- Bakıdakı binaları konkret olaraq bir üslubda nəzərdən keçirmək çətindir. Kimsə bunu çatışmazlıq kimi qiymətləndirə bilər, mən isə buna bir üstünlük kimi baxıram. Biz neft bumu zamanı tikilən binaları deyəndə bir sıra memarlar, xüsusilə də Polşadan olanlar, tikinti şirkətləri, xüsusən də Qasımovlar qardaşlarının şirkəti, mühəndislər, daş ustaları yada düşür. Amma mənim üçün əsas onu sifariş verəndir. Onların isə mütləq əksəriyyəti yenicə zəngin olmuş insanlar idi. Bunlar təbii ki, Tağıyev, Nağıyev, Muxtarov, Əsədullayev idi. Onların bir çoxunun ümumiyyətlə savadı yox idi. Onlar modern, qotika, barokkonun nə olduğunu bilmirdilər. Amma bu zənginlər ağıllı insan idilər və “çörəyi ver çörəkçiyə, birini də üstəlik” prinsipi ilə iş görürdülər. Zənginlər anlayırdılar ki, yaxşı ev istəyirsənsə, yaxşı da memara müraciət etməlisən. Milyonçular peşəkar memarları dəvət edirdilər. Şəmsi Əsədullayev öz puluna ilk diplomlu azərbaycanlı memar olan Sankt-Peterburq Mülki Mühəndislik İnstitutunun məzunu Zivərbəy Əhmədbəyovu oxutdurmuşdu.

Memarlara sifariş təxminən belə səslənirdi – giriş qapısı Tağıyevdə, pəncərə Dadaşovda, günbəz Muxtarovda, balkon Mitrofanovda olduğu kimi və bir az da özündən nəsə təzə bir şey əlavə et. Və məhz “bir az da özündən əlavə elə” ifadəsi həmin evlərə sahiblərinin xüsusiyyətlərinə görə orijinallıq gətirirdi. Bakı memarlığının gözəlliyi də məhz bundadır. XIX əsrin sonu - XX əsrin əvvəlində Bakı arxitekturası eklektikdir. Amma bununla belə Bakı və Abşeronun daş ustalarının özünəməxsus işləri bu eklektikanı konkretləşdirirdi və şəhər üslubu yaradırdı. Maraqlıdır ki, binalar onun sahibinin obrazına da oxşayır. Misal üçün, Hacınskinin binasından onun sahibinin zadəganlığı görünür, Səadət sarayı Muxtarovun nəhəng fiquru ilə tam harmoniyadadır, Mitrofanovun fotosuna baxsanız Axundov bağının yanında evinin necə də onun əzəmətinə uyğun olduğunu görərsiniz.

- Digər şəhərlərdə arxitektura tarixi haqqında danışanda bir çox hallarda olub ki, hər hansı bir arxitektor özünün ideyasını həyata keçirmək üçün pullu insana müraciət edib, onu öz ideyası ilə şirnikləndirib, layihəsini reallaşdırıb. Bakıda belə hallar olubmu ki, milyonçu arxitektora yox, məhz arxitektor öz layihəsini həyata keçirmək üçün milyonçuya bina tikilməsini təklif etsin?

- Belə halların olmasını istisna etmirəm. Amma belə bir fakt mənə məlum deyil. Məncə, əgər Bakını götürsək, burada əsas rolda sifarişçilər özləri olublar. Arxitektorlar üçün sifarişlər kifayət qədər idi. Mən deyərdim ki, onlara olan tələb o qədər çox idi ki, iş yükünün öhdəsindən çətinliklə gəlirdilər. Belə olan halda hər hansı bir ideya üçün pullu adam axtarmağa ehtiyacları yox idi.

“Bakı öz tarixi boyu iki məsələni uyğunlaşdıra bilməyib – planlı və keyfiyyətli tikinti”

- Bəs üslubları özündə birləşdirən hər hansı bir ümumi xətt var idimi?

- Üslublar memarlardan asılı idi. Təbii ki, hər birinin öz üslubu var idi. Amma onlar yerli ənənələri, daş ustalarının iş qabiliyyətini də nəzərə alırdılar və bununla da yerli üslub yaranırdı. Belə ki, İosif Qoslavski neoklassizm cərəyanına meyil edirdi. İosif Ploşko isə modernizm üslubunun ustadı sayılırdı. Yeri gəlmişkən, Sovet İttifaqı dönəmində Konstantin İvanoviç Sençixini konstruktivist üslubda maraqlı işlərinə görə “Bakının Le Korbuzye”si adlandırırdılar. Mikayıl Hüseynov və Sadıq Dadaşovun memarlıqdakı rolunu isə gənc nəslin çox istedadlı nümayəndəsi Rasim Əliyev klassik Azərbaycan musiqisində Üzeyir Hacıbəyov və Müslüm Maqomayevin rolu ilə müqayisə edirdi.

- Tikilən binalar bir-biri ilə ziddiyyət təşkil etmirdi ki, daha doğrusu bir bina digərlərinin fonunu korlayırdımı?

- Məsələ də ondadır ki, tikinti bir çox hallarda xaotik aparılırdı. Hər hansı bir ümumi plan yox idi. Bu binalar bir-birinə uyğun gəlməyə bilirdi. Belə hallar çox olurdu ki, yöndəmsiz tikililər məhəlləsində birdən möhtəşəm bir mülk əmələ gələ bilərdi. Etiraf etmək lazımdır ki, neft bumu dövründə binalar öz möhtəşəmliyi və individuallığı ilə bərabər, həm də plansız idi. Planlı tikinti daha çox sovet dövründə yarandı. Bəli, sovet dövründə planlı tikinti oldu, amma bu zaman tikinti və arxitektura keyfiyyəti aşağı düşdü. Bakı öz tarixi boyu iki məsələni uyğunlaşdıra bilməyib – planlı və keyfiyyətli tikinti.

- Oktyabr çevrilişindən əvvəl tikilən və tarixi əhəmiyyət daşıyan binaların neçə faizi qorunub və günümüzə qədər gəlib çatıb?

- Rəqəmlərlə demək çətindir və məndə ümumiyyətlə belə rəqəmlər yoxdur. Deyə bilərəm ki, qədim binaların əksəriyyəti saxlanılıb. Amma rəqəmlərdən qaçıb, nə dərəcədə mühitin qorunub saxlanılması barədə danışmaq lazımdır. Yəni tarixi əhəmiyyətli binanı saxlayıb, ətrafında az əhəmiyyətli olan tikililəri söküb, onun yerində göz oxşamayan çoxmərtəbəli bina tikilə bilər. Belə də faktoloji olaraq tarixi bina saxlanılır, amma onun mühiti korlanır. Bu mənada qorunan arxitektura mühitindən danışmaq lazımdır və belə də mən yerinə düşən yeni binaların tikintisinin əleyhinə deyiləm. Əlbəttə ki, əgər həmin bina tikildiyi yerin mühitinə uyğun gəlirsə. Mənim üçün bu mənada maraqlı bir nümunə kimi İçərişəhər gəlir. Orada hündürlük barədə məhdudiyyətlərə əməl edilir, fasadın görünüşü ilə bağlı tələblər var. Bu, müasir, amma arxitektura mühitinə uyğun gələn binaların tikilməsinə mane olmur. Əgər biz bu prinsipi qala divarlarından kənarda da tətbiq etsək, arxitektura mühiti kifayət qədər sağlam olar.

“Dinlə mübarizə dalğası Bakıya əsaslı zərbə vurub”

- Məlumdur ki, inqilabdan sonra Çar dövründən qalma bir çox şeylərlə, xüsusilə tikililərlə mübarizə var idi. Rusiya və digər ərazilərdə kilsələr, digər tarixi-memarlıq əhəmiyyəti daşıyan tikililər köhnənin qalığı kimi sökülürdü. Bakı bu baxımdan zərər görübmü?

- Təbii ki, bu hadisələr Bakıdan da yan keçmədi. Bu hadisələrə start kimi 1931-ci ildə Rusiyada Xilaskar Məsihin Katedralının sökülməsi oldu. 30-cu illərdə Bakıda Bibiheybət məscidi dağıdıldı. Sonra möhtəşəm Aleksandr Nevski məbədi məhv edildi. Katolik məbəd olan Müqəddəs Məryəm katedralının da aqibəti eyni oldu. Onun yerində Dzerjinski, indiki Şəhriyar klubu tikildi. Bolşeviklər ağına-bozuna baxmadan hər şeyi dağıdırdılar. Kirxa (xilaskar kilsə, alman lüteran kilsəsi də deyirlər - red.) möcüzə nəticəsində qaldı. Onun da səbəbi var. Kilsənin şüşə tavanı var idi və ona görə də içərisini işıqlandırırdı. Sonradan Dağüstü parkda qoyulacaq Kirovun heykəlini həmin o kirxanın içində düzəltdilər. Məhz Kirovun heykəli üzərində işlərin getməsi kirxanı sökülməkdən qorudu. Qara şəhərdə İlya kilsəsini söküb, yerində Şaumyan klubu, indiki Xətai mədəniyyət sarayını tikdilər. Bayılda Stalinin ikinci arvadı Aliluyevanın xaç suyuna salındığı Donanma kilsəsini də söküblər. Dinlə mübarizə dalğası Bakıya əsaslı zərbə vurub. Bununla yanaşı 20-ci illərdə Bakıda maraqlı tikililər də əmələ gəlir. Bunların arasında Sabunçu vağzalının binasını göstərmək olar. SSRİ-də ilk elektrik qatarı xətti Bakıda istifadəyə verilmişdi və onun üçün tikilən vağzal binası idi.

- Mədəni irsdən söz düşmüşkən. Belə deyirlər ki, 60-cı illərdə İçərişəhəri sökmək istəyirdilər. Siz bunun haqqında nəsə bilirsiniz? İçərişəhərsiz Bakının görkəmi necə ola bilərdi?

- Mən də bu barədə eşitmişəm. Xoşbəxtlikdən bu baş verməyib. Bu, Bakının ən parlaq “merlərindən” olan Əliş Ləmbəranskinin dövrünə təsadüf edib. O, İçərişəhəri qiymətli bir yer kimi görmürdü. Amma Mikayıl Hüseynov kimi arxitektorlar var idi. Onlar müqavimət göstərə bildilər. 1964-cü ildə Şirvanşahlar sarayı muzey statusu aldı. İçərişəhərin itməsi ilə Bakı özünün nüvəsini, özülünü itirə bilərdi. İçərişəhərin üstünlüyü təkcə onun tikililərində deyil. Buranın üstünlüyü həm də ondadır ki, o yaşayış yeridir. Dünyada bir çox şəhərlərində belə qədim yerlər var, amma onların bəzilərində artıq yaşayış yoxdur. Bu da həmin yeri mənasız bir əraziyə çevirir. Müasir dövrdə İçərişəhərdə tarixi-memarlıq qoruq yaradılması ideyası çox düzgün idi.

“Bakının tarixi yerlərində çəkilişlərə bütün qadağalar aradan qaldırılmalıdır”

- Bir sıra kinorejissorlar şəxsi söhbətlərdə İçərişəhərdə hər hansı bir filmin çəkilişi üçün həddən artıq çox pul tələb edildiyini deyirlər və buna görə orada çəkiliş apara bilmədiklərini qeyd edirlər. Sizcə bu məsələ necə həll edilməlidir?

- Mən qəti şəkildə bunu əleyhinəyəm və hesab edirəm ki, İçərişəhərdə çəkilişlər üçün bütün qadağalar aradan qaldırılmalıdır. Mən özüm bir neçə dəfə orada çəkiliş aparmışam və hər dəfə də kiminsə icazəsini almalı olursan. Məsələ hətta pulda da deyil. Sadəcə olaraq kimsə icazə verməlidir. Bu, utancverici haldır. Əksinə çəkilişlər üçün təşviq etmək lazımdır. Dünyanın bir çox şəhərlərində məhz belədir. Özləri təşviq edirlər ki, gəlin bizim ərazidə çəkilişlər aparın. Götürək elə Tbilisini. Əgər siz şəhərin hər hansı bir tarixi yerində çəkiliş aparmaq istəsəniz, heç kimdən icazə almaq lazım deyil.

- Əgər müasir Bakı haqqında danışsaq, yeni tikililər şəhərin ümumi arxitekturası ilə ahəngdirmi?

- O baxır hansı, harada və necə mühitdə. Misal üçün Heydər Əliyev Mərkəzinin binası, “Four Season” hoteli, Qış parkı şəhərin ümumi görünüşünə tam uyğundur. Görürük ki, müasir memarlıq XX əsrin əvvəllərindəki üslub kimi qurula bilər. Bu, əlbəttə ki, bizi yalnız sevindirir. Amma olur ki, yeni tikili şəhərdəki yerinə uyğun deyil. Buna nümunə kimi “İçərişəhər” metro stansiyasındakı piramidanı göstərmək olar. Bu israilli arxitektor İrina Vinerin layihəsidir. “Koroğlu” metro stansiyasında bu piramida çox gözəl görünür və yerindədir, amma “İçərişəhər” stansiyasında yox. Problem onun hansı materialdan hazırlanmasında deyil. Luvrda da belə bir piramida var və o orada böyük mübahisələr doğurur. Məsələ onun harada qurulmasındadır. “İçərişəhər” stansiyasındakı bu şüşə kütlə İçərişəhərin divarlarını gözdən salır. Bu piramida həmin divarları bağ yerində hasar səviyyəsinə qədər endirib. Təkrar etmək istəyirəm ki, hər bir tikili haqqında ayrıca danışmaq lazımdır. Yenə də qayıdıram Heydər Əliyev Mərkəzinin binasına. O misilsizdir. Həmin tikili nəinki şəhərə yaraşdı, o özü orada bir mühit yaratdı.

Bəzi hallarda isə hər hansı bir tikilinin şəhərə yaraşması üçün zaman lazım olur. Buna misal kimi Alov Qüllələrini göstərmək olar. Onlar tikiləndə mən həmin qüllələri qəbul edə bilmirdim, aqressiv yanaşırdım. Amma tikinti bitəndən sonra, onun fasadını şüşədən düzəldəndən, işıqlandırandan sonra qüllələr zamanla şəhərə uyğunlaşdı. Mən hər dəfə xaricdən Bakıya gələndə gözümlə onları axtarıram. Əgər işıqlandırılıbsa, deməli şəhərdə hər şey yaxşıdır, sakitçilikdir. Tikilinin zamanla şəhərə uyğunlaşmasının ən gözəl nümunələrindən biri Parisdə Eyfel qülləsidir. O tikiləndə parislilər ona nifrət edirdilər. Amma indi Parisi Eyfelsiz təsəvvür etmək mümkün deyil.

“Bulvarda ciddi ekoloji işlər aparılmalıdır”

- Bəs Dənizkənarı bulvarın genişlənməsinə necə yanaşırsınız?

- Çox gözəl ideyadır. Bu möhtəşəm layihədir. Belə bir genişlənmə insanlara göstərir ki, Bakı həqiqətən də möhtəşəm, geniş şəhərdir. Bulvarda qayıqla üzgüçülük klubları, idman infrastrukturu yaradılsa, daha da möhtəşəm olar. Amma bununla bərabər bulvarda çox ciddi ekoloji işlər aparılmalıdır. Bakı buxtası təmizlənməlidir. Biz çirkab suların buxtaya axıdılması praktikasına son qoymalıyıq. Buna çoxlu vəsait lazımdır, amma düşünürəm ki, bulvarın genişlənməsi gec-tez ekoloji məsələlərin həllini labüd edəcək. Yada salmaq lazımdır ki, vaxtilə Bakı buxtası çimmək üçün yararlı bir yer idi və 60-cı illərə qədər burada insanlar çimirdi. Yəni bu genişləndirmə işini belə bitirmək lazımdır. Qeyd etmək lazımdır ki, son illər hansı işdən yapışırlarsa, onu sona çatdırırlar. Bu pozitiv bir tendensiyadır. Ümid edirəm ki, biz Bakı buxtasında insanların çimdiyini görəcəyik. Biz buna qadirik. Kənardan heç bir yardım olmadan Qarabağ kimi mürəkkəb bir problemi həll edən ölkə, bu cür işlərin öhdəsindən layiqincə gələ bilər.

“Tramvay və trolleybuslar Bakıya qaytarılmalıdır”

- Əgər sizi Bakının Baş planının formalaşmasında iştiraka dəvət etsəydilər, hansı təşəbbüslərlə çıxış edərdiniz?

- Etiraf edim ki, bu sahədə mütəxəssis deyiləm. Amma məni cəlb etsəydilər, tarixi memarlıq mühitinin saxlanılması ilə yanaşı, ekoloji təmiz nəqliyyatın bərpa edilməsində israr edərdim. Tramvay, trolleybus Bakıya qayıtmalıdır. Bu ilin fevralında Bakı tramvayının 100 yaşı tamam oldu, amma indi biz onun haqqında keçmiş zamanda danışırıq. Biz onun haqqında müasir zamanda danışmalıyıq və onlar ultramüasir olmalıdırlar. Bir çoxları deyir ki, təəssüf ki, tramvayı məhv etdilər. Amma etiraf etmək lazımdır ki, həmin an başqa çarə də yox idi. Tramvay şəbəkəsini o zaman ya tam dəyişmək lazım idi, amma buna o zaman vəsait yox idi, ya da məhv edilməli idi. Mən tramvay infrastrukturunu məhv edənləri tənqid etmirəm. Yeri gəlmişkən, Avropanın bir çox şəhərləri bu prosesdən keçiblər. Amma onlar bu nəqliyyat növünü bərpa ediblər. Yeni tramvaylar hər biri 200-250 nəfəri tuta biləcək 5-6 vaqondan ibarət olmalıdırlar. Şəhərin əsasən mərkəz hissəsində tramvaylar böyük bir insan kütləsini daşımalıdır. Bakıda trolleybus 1941-ci il dekabrın 18-də xəttə buraxılıb. Təsəvvür edə bilərsinizmi, müharibənin ən dəhşətli vaxtlarında bu olub. Metro genişlənməlidir. Mənim arzumdur ki, nə vaxtsa Bakı metropoliteni “İçərişəhər” stansiyasından o biri tərəfə genişlənsin. Paytaxtda 1967-ci ildə metro açıblar. Bir tərəfə 32 stansiya tikiblər, amma o biri tərəfə heç nə. “İçərişəhər” stansiyası dalana dirənib qalıb. Metro Bayıl, Bibiheybətə tərəf getməlidir.

- Bir sıra şəhərlərin xüsusi günləri qeyd olunur. Bakıda belə bir gün yoxdur. Bir çoxları sentyabrın 15-nin Bakı günü kimi qeyd olunmasını təklif edirlər. Siz buna necə yanaşırsınız? Bakı gününü nə vaxt qeyd etmək lazımdır?

- Mən belə bir şeyin siyasiləşdirilməsinin əleyhinəyəm. 15 sentyabr Bakının Qafqaz İslam Ordusu tərəfindən azad edilməsi günüdür və ona görə də təklif edənlər həmin günü seçiblər. Mən belə siyasiləşdirilməni istəmirəm. Həmin günü biz Bakının azad edilməsi günü kimi və ya Milli hökumətin Gəncədən Bakıya köçməsi günü kimi qeyd edə bilərik. Şəhərsalma, gigiyena, ekologiya siyasətə aid olmamalıdır. Mən Bakının xüsusi bir gününün olmamasından əziyyət çəkmirəm. Bundan daha pisi Bakı şəhər muzeyinin olmamasıdır. Bu daha dərin mənalı bir şeydir və ilboyu fəaliyyət göstərəndir. Bu haqda düşünmək lazımdır.

- Siz həmçinin Bakının etnik tərkibini araşdırmaqla yanaşı, ayrı-ayrı xalqların nümayəndələrinin Bakının tarixində rolunu tədqiq etmisiniz. Onların adlarının əbədiləşdirilməsi ideyasına necə baxırsınız?

- Sovet sistemindən əvvəlki Bakı böyük bir etnik konqlomerat idi və hər bir etnosun özünün sahəsi var idi. Bir sıra hallarda elə də böyük olmayan icma Bakının mədəni simasına böyük təsiri var idi. Məsəl üçün, yəhudi icması 1914-cü il üçün şəhər əhalisinin 4,5 faizini təşkil edirdi, amma bu 4,5 faiz həkimlərin 40, vəkillərin isə 30 faizindən çoxunu təşkil edirdi. Mənim fikrimcə, Bakının mühitini formalaşmasında görkəmli rolları olan insanların adı hansısa formada əbədiləşdiriməlidir. Mən ümumiləşdirməni heç cür başa düşə bilmirəm. Bakının mərkəzində “Lukoyl” neft-qaz şirkətinin yerləşdiyi kiçik bir küçə “polyak memarlar küçəsi” adlanır. Həmin küçə 3-4 binadan ibarətdir. Mənim fikrimcə, belə bir qeyri-ciddi fərqləndirmədənsə, həmin o memarları ayrı-ayrılıqda qeyd edib, kiçik büstlərini qoymaq olardı. Uzağa getmək lazım deyil. Fəxri xiyabana getsəniz, orada fantastik abidələr görə bilərsiniz. Bakının formalaşmasında xüsusi rolu insanların oradakı abidələrinin kiçik surətlərinin şəhərin müxtəlif parklarında yerləşdirilməsinə nə mane olur ki? Bizə nəhəng, monumental heykəllər lazım deyil. Sadəcə olaraq abidələrin savadlı şəkildə şəhərdə yerləşdirilməsini düşünmək lazımdır. Çox gözəl bir abidəni uğursuz yerləşdirməklə onu korlamaq olar.

Maestro Niyazinin heykəlini yerləşdirərkən, elə bil tələb qoyulub ki, abidəni bacardıqca gizlətmək lazımdır. Əgər belə bir vəzifə var idisə, onun öhdəsindən 100 faiz gəliblər və həmin abidəni heç kim görmür. Amma inanmıram ki, kimsə belə bir tapşırıq versin. Fuad Əbdülrəhmanovu yada salaq. O, Azad qadın, Səməd Vurğun, Nizami, Mehdi Hüseynzadə heykəllərinin müəllifidir. Fuad Əbdürrəhmanov gözəl heykəltaraş idi. Amma onun hər bir işinin arxasında memar Mikayıl Hüseynov dayanır. Gözəllik ondursa, onun doqquzu dondur. Əgər Mikayıl Hüseynov həmin heykəlləri şəhərdə uğurlu yerləşdirməsəydi, Fuad Əbdürrəhmanovun işləri görkəmli olmazdı. Bəs əslən bakılı Rixard Zorgenin heykəli? Görün onu necə gözəl yerləşdiriblər.

Yeri gəlmişkən, həmin abidənin qarşısında Zorgenin Yaponiyada olan qəbirindən sakuralar gətirilib, basdırılmışdı. Onları niyə kəsdilər, bilmirəm. Həmin sakuralar arxitektorun ideyasının bir hissəsi idi. Gözlər sakuraların arxasında gizlənir və elə bil kimsə sizi daim güdür. Mən qəti olaraq memarların abidələrin Bakının hansı hissəsində yerləşdirilməsi məsələsinə fəal şəkildə cəlb edilməsinin tərəfdarıyam və ümumiyyətlə hesab edirəm ki, hər hansı bir yeni abidənin hazırlanması üçün müsabiqələr elan edilməlidir. Abidənin yaradılması üçün bir neçə variant olmalıdır və onların arasından seçmək lazımdır.

- Maraqlı müsahibə üçün təşəkkür edirik!

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri