Gündəlik tələbat məhsullarının dağıtımı şirkətlərindən olan Aqro-vest DC MMC Bakı şəhəri və Qazax rayonu ərazisində həssas təbəqədən 500 ailəyə ərzaq bağlaması paylamağa başlayıb.
Ölkəmizdə pandemiyanın yaratdığı təsirlərdən həssas təbəqələrin sosial müdafiəsinin gücləndirilməsi üçün dövlət, özəl biznes və fərdi təşəbbüslər şəklində bir sıra nümunəvi addımlar atılır. “Aqro-vest DC” şirkəti də bu məqsədlə “Biz birlikdə güclüyük” devizi ilə 500 ailəyə ərzaq bağlaması (un, yağ, günəbaxan yağı, qarabaşaq, makaron, peçenye, konfet, halva, pendir, yoqurt, mayonez və s.) paylanılmasına başlayıb.
Şirkətin əməkdaşları 15 aprel tarixində Bakı şəhəri, Həzi Aslanov qəsəbəsi ərazisində məskunlaşmış 90 məcburi köçkün və qaçqın ailəsinə, eləcə də fərdi şəkildə 134 ailəyə ərzaq bağlamaları çatdırıb.
Bu gün Qazax rayonunun sərhəd xəttində yerləşən Kəmərli kəndində 110 ailəyə ərzaq bağlaması paylanacaq. Rayonun İcra Hakimiyyəti və kəndin İcra nümayəndəliyi diqqətə ehtiyacı olan ailələrin siyahısını müəyyənləşdirib, təşkilati prosseslərə dəstək veriblər.
Şirkət Sabunçu Rayon İcra Hakimiyyəti, DSMF Sabunçu rayon şöbəsi, Sabunçu rayon Qarabağ Qazilər Birliyi və Sabunçu Qəsəbə Nümayəndəliyi ilə birlikdə diqqətə ehtiyacı olan ailələri müəyyənləşdirərək, 17 aprel tarixində Bakıxanov qəsəbəsi ərazisində 50 şəhid və qazi ailəsinə, Sabunçu qəsəbəsi ərazisində isə 116 ailəyə ərzaq bağlaması çatdıracaq.
Mövcud özünütəcrid tədbirlərini və bəzi vətəndaşların sağlamlıq vəziyyəti nəzərə alınaraq, bağlamaların maksimal dərəcədə birbaşa evlərə çatdırılması təmin olunur.
“Aqro-vest DC” MMC-nin baş direktoru Anar Şərifov bununla bağlı deyib: “Biz karantin günlərində komandamızın əksər hissəsi ilə daim iş başındayıq, əvvəlkindən daha məsuliyyətlə çalışırıq. Çalışırıq ki, ticarət nöqtələrini vaxtında strateji ərzaq məhsulları - qarabaşaq, yağ, makaron, pendir və unla fasiləsiz təmin edək. Sözsüz ki, sosial məsuliyyətimizi də unutmamışıq, 500 ailəyə ərzaq payları çatdırmağa qərar vermişik. Cənab Prezidentin qeyd etdiyi kimi, həssas təbəqənin müdafiəsi indiki şəraitdə ən vacib məsələdir. Biz daim öz fəaliyyətimizdə cənab Prezidentin amallarına sadiq olmuşuq. Əgər bu gün Prezidentimiz həssas təbəqənin müdafiəsini ən vacib məsələ hesab edirsə, deməli, bu, bizim üçün çağırışdır, tapşırıqdır. Biz bu gündən sonra da istər biznes, istərsə də sosial məsuliyyətdə nümunəvi olmağa çalışacağıq”.
“Aqro-vest DC” şirkəti yağ, un, duru yağ, qarabaşaq, makaron, yoqurt, pendir kimi gündəlik tələbat məhsullarının idxalı və paylanması üzrə fəaliyyət göstərir. Şirkətdə 750 əməkdaş çalışır.