Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Azərbaycan məktəbliləri Avropa Qızlar İnformatika Olimpiadasında medal qazandılar
Olimpiadaya "Azercell"in dəstəyi ilə hazırlaşan məktəbli qızlar iki bürünc medal və bir həvəsləndirici mükafatla təltif ediliblər.
21-27 iyul tarixlərində Niderlandın Veldhoven şəhərində keçirilən 4-cü Beynəlxalq Avropa Qızlar İnformatika Olimpiadasında Azərbaycanı təmsil edən məktəbli qızlar vətənə mükafatlarla geri dönüblər. 56 ölkədən 194 məktəbli qızın qatıldığı beynəlxalq müsabiqədə məktəblilərimiz iki bürünc medal və bir həvəsləndirici mükafat qazanıblar.
Belə ki, Bakı şəhəri, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 9-cu sinif şagirdi Rahidil Bayramlı və Bakı Modern Təhsil Kompleksinin 11-ci sinif şagirdi Nigar Hacıyeva bürünc medal, Gəncə şəhəri, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 10-cu sinif şagirdi Ayan Kərimova isə həvəsləndirici mükafat qazanıb.
Qeyd edək ki, 2017-ci ildən etibarən Azərbaycan məktəblilərinin informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi "Azercell Telekom" MMC-nin Elm və Təhsil Nazirliyi ilə əməkdaşlığı çərçivəsində həyata keçirilir. Bu müddət ərzində Azərbaycanın bölgələrini və paytaxt məktəblərini təmsil edən şagirdlər fərqli yaş qrupları üzrə müxtəlif miqyaslı proqramlaşdırma müsabiqələrində ümumilikdə ölkəmizi uğurla təmsil edərək 72 medal əldə ediblər.
"Azercell" qalib qızları ürəkdən təbrik edir, uğurlarının davamlı olmasını arzu edir.
Rəylər