Azərbaycanda yolların təmiri ilə bağlı vətəndaşları maraqlandıran məsələlərdən biri də konkret yolun hansı qurumun balansında olması və onun saxlanılmasına kimin cavabdehlik daşımasıdır. Çünki bütün avtomobil yolları Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) balansında deyil.
Bəs hansı yolların təmirinə kim cavabdehdir və vətəndaşlar bunu necə müəyyən edə bilərlər?
Qanunvericiliyə əsasən, avtomobil yolları əhəmiyyətinə, təyinatına və mülkiyyət formasına görə fərqlənir. Onların saxlanılması və təmiri müvafiq səlahiyyət bölgüsü əsasında həyata keçirilir.
AAYDA ümumi istifadədə olan magistral, respublika və yerli əhəmiyyətli avtomobil yollarının saxlanılması, təmiri və yenidən qurulması istiqamətində fəaliyyət göstərir. Bununla yanaşı, agentlik dövlət proqramları və müvafiq qərarlar əsasında ona həvalə edilmiş digər yol infrastrukturu layihələrini də icra edir.
Lakin şəhər və rayonların yaşayış məntəqələrində yerləşən bütün küçələr, məhəllədaxili və digər yollar avtomatik olaraq AAYDA-nın balansına aid edilmir. Belə yolların saxlanılması və təmiri onların balans mənsubiyyətindən və qanunvericiliklə müəyyən edilmiş səlahiyyət bölgüsündən asılı olaraq digər aidiyyəti qurumların vəzifəsinə daxil ola bilər.
Bəs konkret yolun hansı quruma aid olduğunu necə öyrənmək olar?
Bunun üçün vətəndaşlar yolun yerləşdiyi ərazi, küçənin adı və dəqiq ünvanı göstərilməklə aidiyyəti yerli icra hakimiyyəti orqanına və ya bələdiyyəyə müraciət edərək balans mənsubiyyəti barədə məlumat əldə edə bilərlər.
Eyni zamanda, AAYDA-nın səlahiyyətlərinə aid olduğu ehtimal edilən yollarla bağlı agentliyə rəsmi müraciət ünvanlamaq mümkündür.
Müraciətdə yolun dəqiq yerləşdiyi ərazinin, mövcud problemin və mümkündürsə, fotoşəkillərin təqdim olunması məsələnin daha operativ araşdırılmasına kömək edə bilər.
Beləliklə, yolun balans mənsubiyyətinin əvvəlcədən dəqiqləşdirilməsi müraciətin düzgün quruma ünvanlanmasına və problemin aidiyyəti üzrə həllinə şərait yaradır.