Oktyabrın 19-da "Toyota Bakı Mərkəzi" xüsusi qonağı, sumo tarixinin ən böyük çempionlarından biri, 69-cu Yokozuna Hakuho Şönü qəbul edib.
Bakıda keçirilən "Sumo World Championships 2026" yarışlarının ardınca baş tutan "Champion's Journey" tədbiri Yaponiya mədəniyyətini, sumonun çoxəsrlik ənənələrini və "Toyota" fəlsəfəsini bir araya gətirib. Tədbirdə KİV nümayəndələri, Yapon Döyüş Növləri və Mədəniyyəti Assosiasiyasının üzvləri, "Toyota" nümayəndələri və müştəriləri iştirak ediblər.
Görüş zamanı 25 ilini peşəkar sumoya həsr etmiş Hakuho Şö öz karyerasından, sumonun tarixi və fəlsəfəsindən danışıb. O, sumonun yalnız güc və mübarizə deyil, ilk növbədə hörmət, intizam və özünə nəzarət üzərində qurulan bir mədəniyyət olduğunu vurğulayıb.
Tədbirin xüsusi məqamlarından biri Hakuho Şönün Beynəlxalq Sumo Federasiyasının (IFS) yeni prezidenti kimi Bakıda "Toyota" ailəsi ilə görüşü olub. Bu vəzifədə Akio Toyodanı əvəz edən Hakuho Şö onun "Sumo to the World" vizyonunu davam etdirəcəyini bildirib.
Tədbirin sual-cavab hissəsi də maraqlı anlarla yadda qalıb. Qonaqlardan birinin "Hansı avtomobildən istifadə edirsiniz?" sualına Hakuho Şö "Lexus LM" cavabını verib. Bu spontan cavab qonaqların xüsusi marağına səbəb olub.
Görüş yalnız söhbətlə kifayətlənməyib. Hakuho Şö qonaqlara sumonun əsas hərəkət və texnikalarını canlı nümayiş etdirib, ardınca isə tədbirin "Champion Meets Champion" hissəsində "Toyota Land Cruiser"lə xüsusi foto sessiya keçirilib.
"Toyota Bakı Mərkəzi"ndə keçirilən bu xüsusi görüş iki fərqli dünyanın ortaq dəyərlərini ön plana çıxarıb: hörmət, güc, intizam və daim daha yaxşıya doğru irəliləmək.
Tədbir Hakuho Şönün bütün dünyada sumonun inkişafına həsr etdiyi "One Team, One Dream" mesajı ilə yekunlaşıb.
