Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
!["Google" əməkdaşı məktəblilərimizə master-klas keçdi](https://images.oxu.az/2025/02/11/qc06vslZUgkcSqYzo3yzYCQqjUFwTFSCx04FGHz6:1200.jpg)
"Google" əməkdaşı məktəblilərimizə master-klas keçdi
Gənclər Azərbaycanı beynəlxalq olimpiadalarda təmsil etməyə hazırlaşırlar. Təhsil İnstitutunun təşəbbüsü və "Azercell"in dəstəyi ilə İT üzrə beynəlxalq olimpiadalara hazırlaşan milli komandamız üçün növbəti "Qış Kampı" təşkil olunub. Bu dəfə düşərgə çərçivəsində məktəblilərimiz Oksford Universitetinin Avtonom maşınların idarə olunması üzrə məzunu Tərlan Süleymanov və "Google" Texnologiya şirkətinin proqram təminatı mühəndisi Rəhim Məmmədli ilə görüşmək, onların dəyərli təcrübəsindən faydalanmaq imkanı əldə ediblər. Qonaqlar iştirakçılara müasir proqramlaşdırma dilləri və texnologiyaları barədə master-klas keçiblər.
Ümumilikdə 6 gün davam edən təlim boyunca məktəblilər beynəlxalq olimpiada formatında keçirilən yarışlara qoşulub, məsələlərin ətraflı izahı və yeni mövzuların müzakirəsi yer alan sessiyalarda iştirak ediblər.
Beynəlxalq İnformatika Olimpiadasına (IOI) hazırlaşan iki məktəblimiz 27 yanvar - 4 fevral 2025 il tarixlərində Serbiyada təşkil edilən düşərgədə də iştirak ediblər.
Xatırladaq ki, 2017-ci ildən etibarən "Azercell Telekom" MMC-nin Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutu ilə əməkdaşlığı çərçivəsində informatika olimpiadalarına hazırlıq prosesi təşkil olunur. Bu müddət ərzində gənclərimiz mütəmadi olaraq ölkəmizi beynəlxalq səviyyəli müsabiqələrdə təmsil ediblər. Müxtəlif yaş qrupları üzrə proqramlaşdırma olimpiadalarında Azərbaycan komandasının bu günədək qazandığı ümumi medal sayı 84-ə çatıb.
Rəylər