Bu günlərdə dünyanın ən böyük fastfud şəbəkəsi olan “McDonald's” klassik burgerlərin reseptinə və hazırlanma texnologiyasına dəyişiklik etdiyini açıqlayıb.
Yeniliklərlə yerində tanış olmaq üçün media nümayəndələri “McDonald's” şəbəkəsinin Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 1054-cü məhəllə ünvanında yerləşən restoranında olublar.
Qonaqları “McDonald’s Azərbaycan” şirkətinin Təchizat və Keyfiyyətə nəzarət üzrə direktoru Anar Osmanov və restoran rəhbərliyi qarşılayıb.
Restoranla tanışlıqdan əvvəl jurnalistlərə restoranın daxili qaydaları haqqında məlumat verilib, sağlamlıq haqqında sənədə qol çəkib, daha sonra sanitar-gigiyenik qaydalara uyğun olaraq xüsusi geyimlə təchiz olunublar.
A.Osmanov ilk olaraq restoranda qidaların saxlanma şəraiti ilə bağlı media nümayəndələrinə geniş məlumat verib. Bildirilib ki, qidalar tam gigiyenik qaydada, bütün tələblərə riayət olunmaqla xüsusi saxlanc yerlərində saxlanılır.
Anar Osmanov bildirib ki, soyuducudan çıxarılan məhsulların otaq şəraitində saxlanma müddətinə xüsusilə nəzarət olunur. Xüsusi saxlanc yerlərində temperatura nəzarət olunur. Bütün bunlar üçün artıq restoranlar şəbəkəsində müasir üsullardan - rəqəmsal qida təhlükəsizliyi layihəsindən istifadə edilir. Bunun nəticəsində hər hansı problem yarandıqda bununla bağlı restoran direktorunun və Təchizat və Keyfiyyətə nəzarət üzrə şöbənin əməkdaşının mobil telefonlarına avtomatik olaraq bildiriş göndərilir. Bu da xəta tez bir zamanda aradan qaldırılmasına xidmət edir.
Daha sonra jurnalistlərə yuyucu məhsulların saxlanılma şəraiti, qabların yuyulması və dezinfeksiya olunması prosesi barədə məlumat verilib. Bildirilib ki, istehsal sahəsində olan əməkdaşlar hər bir saatın tamamında əllərini mütləq şəkildə yumalı və dezinfeksiya etməlidir.
Jurnalistlərin yağın keyfiyyəti ilə bağlı sualını cavablandıran A.Osmanov qeyd edib ki, yağda bişirilən hər məhsulun ayrıca bişirilmə vannası var, fərqli məhsullar bir-birinə qarışmır:
“Vannalarda yağın dəyişilməsi yağın turşuluq dərəcəsindən asılıdır. Yağın keyfiyyətinə nəzarət gündəlik qaydada əvvəlcə vizual olaraq həyata keçirilir. Rəngi uyğun deyilsə, dərhal dəyişilir.
Bundan əlavə gündə 2 dəfə lakmus kağızları ilə bütün vannalarda olan yağ yoxlanılır. Turşuluq dərəcəsi 1%-dən yüksək olan yağ dəyişilir.
“McDonald’s”da istifadə olunan yağlar yüksək oleinli günəbaxan yağlarıdır. Bu, bahalı sortdan hazırlanır və daha gec dağılır. Bir neçə istifadədən sonra yağlar filtrdən keçirilir. Hər yağ öz vannasına qayıdır, digərinə qarışmır”.
Təchizat və Keyfiyyətə nəzarət üzrə direktor Anar Osmanov onu da qeyd edib ki, bütün “McDonald's” restoranlarında ən son nəsil fritozlardan istifadə edilir. Bu texnikanın avtomatik yağ süzmə sistemi digər vannalarda hazırlanma davam etdiyi zaman yağı ayrıca bölmədə süzməyə imkan verir. Bundan əlavə, cihazın avtomatik doldurma sistemi lazım olduqda yağı qabdan avtomatik çəkir ki, nəticədə onu vannaya əllə tökməyə ehtiyac qalmır.
Sonra A.Osmanov qonaqları qidaların praktiki hazırlanması forması ilə tanışlıq üçün şərait yaradıb. Anar müəllim bildirib ki, əfsanəvi burgerləri daha dadlı və ləziz etmək məqsədi ilə edilən dəyişikliklərdən biri yeni bulkalarla bağlıdır. Yeni bulkalar daha parıltılı və yumşaq olub.
Digər dəyişiklik burgerlərdə istifadə olunan ətin hazırlanması ilə bağlıdır. Əvvəllər burgerlərdə soğan ətdən ayrı olurdu. Yenilikdən sonra soğan ət ilə birgə bişirilir və bu da burgerlərə xüsusi dad verir. Həmçinin, pendir dilimləri də yeni üsulla isidilir və bu, onların daha tez əriməsinə səbəb olur.
Yeni bulkaların qızardılması və ətin bişirilmə formasını praktiki olaraq jurnalistlərə göstərilib. Direktor həmçinin jurnalisti maraqlandıran sualları da cavablandırıb.
Qeyd edək ki, yenilənmiş burgerləri artıq “MakAvto” və “McDelivery” də daxil olmaqla Azərbaycanda fəaliyyət göstərən “McDonald’s” restoranlarında əldə etmək olar.
A.Osmanov turun yekunu olaraq bildirib ki, yaxın gələcəkdə mətbuat nümayəndələri üçün qida sənayesi tədarükçülərinin müxtəlif zavodlarına silsilə turların təşkili planlaşdırılır. Bu turların iştirakçıları “McDonald's”ın Azərbaycan restoranlarında istifadə edilən məhsulların istehsal prosesi ilə əyani tanış olmaq imkanı əldə edəcəklər.