Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin (DTA) maliyyə dəstəyi ilə həyata keçirilən "Qrız kəndi və ətraf ərazilərdə icma əsaslı dayanıqlı, ekoloji, açıq hava turizm fəaliyyətlərinin təşkili" layihəsinin icrası uğurla davam etdirilir. Cari ilin iyul ayından etibarən həyata keçirilən layihə dağ kəndlərində turizm infrastrukturunun yaxşılaşdırılması, habelə sakinlərin turizm bacarıqlarının artırılmasına yönəlib.
Layihə çərçivəsində layihə rəhbəri Rəşad Əhmədov və Dövlət Turizm Agentliyinin Quba Regional Turizm idarəsinin əməkdaşları Quba rayonunun Qrız kəndinə səfər edərək kənd ərazisində müxtəlif turizm fəaliyyətlərinin təşkili imkanları və zəruri infrastruktur ehtiyacları ilə yerində tanış olublar. Səfər çərçivəsində bir sıra yerli icma üzvləri ilə məsləhətləşmələr aparılıb, yerli əhalinin turizm sahəsində əsas ehtiyac və gözləntiləri müəyyən olunub.
Layihə rəhbəri Qrız kəndi ərazisində həyata keçiriləcək turizmyönümlü infrastruktur işləri barədə məlumat verib və bildirib ki, bununla əlaqədar müvafiq ölçmə-dəqiqləşdirmə işləri aparılıb. Onun sözlərinə görə, layihə komandasının iştirakı və tərəfdaşların dəstəyi ilə yerli icma üzvləri ilə ardıcıl görüşlər keçirilib, onların turizmdən gözləntiləri və ehtiyacları müəyyən edilib. Bildirilib ki, Qrız kəndinin yüksək dağlıq mövqeyi və füsunkar təbiəti hər zaman turistlərin böyük marağına səbəb olub. Bu məqsədlə kəndə Xınalıq və Susay kəndləri istiqamətlərindən daxil olan yollarda turizm informasiya lövhələrinin və müvafiq təhlükəsizlik nişanlarının quraşdırılması nəzərdə tutulub. Layihə çərçivəsində turist cığırlarının işarələnməsi, tullantıların idarə olunması və qonaqların məmnunluğunun yüksəldilməsi üzrə əlavə infrastruktur layihələrinin həyata keçiriləcəyi bildirilib.
Həmçinin, turizmyönümlü infrastrukturun yaradılmasının regionlarda turizmin inkişafı və əhalinin məşğulluğunun təmin olunmasında roluna diqqət çəkilib. İcraçının sözlərinə görə, layihə başa çatdıqdan sonra Qrız kəndi gecələmə də daxil olmaqla, müxtəlif turizm fəaliyyətlərinin təşkili və qonaqların qəbulu üzrə müvafiq infrastruktura malik olacaqdır. Bu, həm də regionların dayanıqlı sosial-iqtisadi inkişafının dəstəklənməsi və yerlərdə əhalinin rifah səviyyəsinin yaxşılaşdırılması baxımından yüksək diqqətəlayiqdir.
Qeyd edək ki, DTA-nın maliyyə dəstəyi ilə həyata keçirilən 2025-ci il üzrə turizm sahəsində qrant müsabiqəsi çərçivəsində həyata keçirilən "Qrız kəndi və ətraf ərazilərdə icma əsaslı dayanıqlı, ekoloji, açıq hava turizm fəaliyyətlərinin təşkili" layihəsi 2025-ci ilin sonunadək davam edəcək.