ABŞ və fransalı seysmoloqlar müəyyən ediblər ki, 2011-ci ilin martında baş vermiş dağıdıcı zəlzələnin yaratdığı dalğaların Yer nüvəsinə çataraq oradan əks olunması və Yaponiya altındakı litosfer tavalarını hərəkətə gətirməsi nəticəsində ölkə ərazisi şərqə doğru 5-6 mm yerini dəyişib.
Oxu.Az xəbər verir ki, bu barədə "Science" elmi jurnalında dərc olunan araşdırmada bildirilir.
Çikaqo Universitetinin dosenti Pak Sönyenin rəhbərlik etdiyi beynəlxalq tədqiqat qrupu zəlzələ zamanı Yaponiya ərazisindəki minlərlə seysmik stansiya və yüksəkdəqiqlikli GPS ötürücüləri tərəfindən toplanmış məlumatları təhlil edib. Bu analiz seysmoloqlar üçün yeni və unikal bir təbiət hadisəsini üzə çıxarıb.
Peyk məlumatlarının təhlili göstərib ki, zəlzələnin əsas təkanından təxminən 13 dəqiqə sonra bir neçə tektonik tavanın qəfil hərəkəti nəticəsində faktiki olaraq bütün Yaponiya şərqə doğru təxminən 5-6 mm sürüşüb. Eyni zamanda, seysmik stansiyalar qərbdən şərqə doğru hərəkət edən qeyri-adi yerdəyişmə dalğasını qeydə alıblar.
Xatırladaq ki, 2011-ci il martın 11-də şimal-şərqi Miyaqi prefekturasının sahilləri yaxınlığında Yaponiya tarixinin 9 bal gücündə ən böyük zəlzələsi baş vermiş, ardınca isə nəhəng sunami dalğaları yaranmışdı. Təbii fəlakət nəticəsində 15 893 nəfər həlak olmuş, 2 550-dən çox insan isə itkin düşmüşdü.