38 ölkənin nüvə təhlükəsizliyi üzrə qurumlarının nümayəndələri bu qış Ukraynada nüvə qəzası riskinin artacağı barədə xəbərdarlıq ediblər.
Oxu.Az "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə həmin qurumların birgə bəyanatında bildirilib.
"Biz Rusiya-Ukrayna müharibəsi nəticəsində nüvə təhlükəsizliyi üçün yaranan risklərin artmasından dərin narahatlığımızı ifadə edirik", - deyə bəyanatda qeyd olunub.
Nüvə təhlükəsizliyinə nəzarət edən qurumların qiymətləndirmələrinə görə, elektrik enerjisi ilə sabit təchizat təmin olunmadığı təqdirdə, Ukraynadakı atom elektrik stansiyalarında nüvə yanacağının soyudulması getdikcə çətinləşə bilər.
Bu vəziyyət reaktorun aktiv zonasının əriməsinə və radioaktiv maddələrin ətraf mühitə sızmasına səbəb ola bilər.
Xatırladaq ki, noyabr ayında Zaporojye Atom Elektrik Stansiyasının (AES) xarici elektrik enerjisi təchizatının kəsildiyi barədə məlumat yayılmışdı.