Bülbülə gölünün suyu daşaraq ətrafdakı evləri basıb. Paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mikayıl Müşfiq küçəsinin sakinləri gölün yaxınlığında kanalizasiya xəttinin çəkilişi zamanı bəndin yarıldığını iddia edirlər.
Oxu.Az "Xəzər" TV-yə istinadən xəbər verir ki, sakinlərin sözlərinə görə, göldən daşan su evlərin həm zirzəmilərinə, həm də yaşayış sahələrinə dolub.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, qeyd olunan ərazidə Bülbülə gölünün sahəsinin torpaqla doldurularaq kiçildilməsi və həmin ərazidə park salınması istiqamətində işlər aparılır. Paralel olaraq kanalizasiya xətləri də çəkilir.
Qurumun məlumatına görə, intensiv yağıntılar nəticəsində göldə suyun səviyyəsi yüksəlib və ətrafdakı həyətləri su basıb.
Hazırda əraziyə əlavə nasoslar quraşdırılır. Yaxın günlərdə həyətlərdəki suyun çəkilməsi və ərazinin təmizlənməsi təmin ediləcək.