Böyük Britaniya ordusunun keçmiş əsgəri bu ilin əvvəlində Ginnesin rekordlar kitabına beşinci dəfə adını yazdırıb. O, hər iki ayağı amputasiya olunmuş halda dünyanın yeddi ən hündür zirvəsini fəth edən ilk insan olub.
Oxu.Az xəbər verir ki, o, bu barədə "Mirror" nəşrinə verdiyi müsahibədə danışıb.
46 yaşlı Budha Maqar Hari Əfqanıstanda xidmət edərkən hər iki ayağını itirib. Ağır yaralandıqdan sonra ciddi şəkildə alpinizmlə məşğul olmağa qərar verib və 2019-cu ildən etibarən zirvələrə doğru yoluna başlayıb.
Bir neçə il ərzində Budha Maqar Hari Nepalda Everesti (8 848 m), Tanzaniyada Kilimancaronu (5 895 m), Alyaskada Denalini (6 194 m), Argentinada Akonkaquanı (6 962 m), Antarktidada Vinson massivini (4 882 m), Yeni Qvineyada Karstens piramidasını (4 882 m) və Rusiyada Elbrusu (5 642 m) fəth edib. Onun sonuncu rekordu 2026-cı ilin yanvar ayında qeydə alınıb.
Alpinist dırmanışların onun üçün inanılmaz dərəcədə ağır olduğunu vurğulayıb. Bəzi hallarda ölüm təhlükəsi ilə üz-üzə qalsa da, Hari iradə gücünü toplayaraq bütün marşrutları sona çatdıra bilib. O, bu uğurunun onu çox xoşbəxt etdiyini bildirib.