Hindistan hakimiyyəti Everestin "ölüm zonasında" genişmiqyaslı və təhlükəli missiyaya start verib.
Oxu.Az xəbər verir ki, bu barədə Kp.ru-da məqalə dərc edilib.
Məlumata görə, ekspedisiya zamanı 1996-cı ildə təxminən 8 500 m yüksəklikdə dəhşətli çovğun zamanı həlak olmuş "yaşıl çəkmələr" kimi tanınan alpinistin nəşinin dağdan aşağı endirilməsi planlaşdırılır
Uzun müddət hesab olunurdu ki, qalıqlar hindistanlı alpinist Tsevanq Palcora məxsusdur. Lakin rəsmi sənədlərə əsasən, Hindistan hakimiyyəti həlak olan şəxs kimi onun həmin ekspedisiyadakı komanda yoldaşı - Dorje Morupu göstərir. Onların hər ikisi eyni gündə itkin düşüb.
Üzərindəki ləvazimatla birlikdə çəkisi 200 kiloqrama çata bilən buz bağlamış cəsədin endirilməsi altı təcrübəli şerpdən ibarət komandaya həvalə olunub. Əməliyyat 150 000 dollar dəyərində qiymətləndirilir və bu ilin oktyabr ayına qədər başa çatmalıdır.
Ekspertlər missiyanın son dərəcə təhlükəli olduğunu qeyd edirlər. Belə bir yüksəklikdə qalıqların çıxarılması xilasetmə qrupunun həyatı üçün böyük risklə bağlıdır, buzlu qayalar üzərindən daşınması isə inanılmaz səy tələb edəcək.
Qeyd edək ki, "yaşıl çəkmələr" onilliklər boyu bir çox alpinist üçün zirvəyə gedən yolda qorxunc bir oriyentir olub.