ABŞ Prezidenti Donald Trampın "Hörmüz boğazı yenidən bağlanacağı təqdirdə İranın qalan hissəsini də işğal edəcəyik" təhdidlərinə Tehrandan cavab verilib.
Oxu.Az xəbər verir ki, bu barədə "Independent" nəşri məlumat yayıb.
Bildirilib ki, İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının rəhbəri İbrahim Əzizi sosial şəbəkələrdə qeyd edib:
"Siz hədələyirsiniz, biz hərəkətə keçirik".
O, boğazın İranın suveren suları olduğunu vurğulayıb:
"Hörmüz boğazı sizin şəxsi kazinonuz və ya müasir piratların "arxa bağçası" deyil. Bura İranın suveren sularıdır və son qərarı nəcib İran xalqı və onun cəsur silahlı qüvvələri verir".
Xatırladaq ki, Tehran sülh müzakirələri çərçivəsində atəşkəsin uzadılmasına dair razılaşma əldə olunduqdan sonra sözügedən su yolunun blokadasını ləğv etmişdi. Buna baxmayaraq, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) şənbə günü İsrail ordusunun Livana endirdiyi zərbələrə reaksiya olaraq boğazı yenidən hərəkət üçün bağladığını bəyan edib.
Öz növbəsində, ABŞ prezidenti İran hakimiyyətini belə bir addımın nəticələri barədə xəbərdar etdiyini bildirib. "Fox News" telekanalının yaydığı məlumata əsasən, Tramp rəsmi Tehrana xitabən deyib: "Boğazı bağlasanız, ölkəniz olmayacaq".
Yaranmış vəziyyət fonunda münaqişəyə son qoyulması məqsədilə aparılan mürəkkəb danışıqlar davam etdirilir. Proses hələ başlanğıcda çətinliklərlə üzləşib. Belə ki, İran nümayəndə heyəti Trampın səsləndirdiyi bəyanatlardan narazı qalaraq görüşü dayandırıb.