"Anlaşma memorandumunun imzalanmasından sonra İran və ABŞ arasında sanksiyaların ləğvi, həmçinin İslam Respublikasının nüvə proqramı ətrafındakı münaqişənin həlli ilə bağlı danışıqların növbəti mərhələsinə start veriləcək".
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçı deyib.
Diplomat məsələ ilə bağlı İranda akkreditə olunmuş xarici dövlətlərin səfirləri ilə görüşündə açıqlama verib:
"Bazar günü ABŞ və İran arasında anlaşma memorandumu yekun olaraq razılaşdırılıb. Sənədin yaxın vaxtlarda - böyük ehtimalla cümə günü, yeri daha sonra müəyyənləşəcək məkanda rəsmən imzalanması gözlənilir. Bununla paralel olaraq, yekun razılaşmanın əldə edilməsi məqsədilə Vaşinqton və Tehran arasında yeni danışıqlar prosesi başlanacaq".
Bir müddət əvvəl vasitəçi qismində çıxış edən Pakistanın, o cümlədən ABŞ və İranın rəsmi şəxsləri Tehranla Vaşinqton arasında razılığın əldə olunduğunu təsdiqləyiblər. Sənədin iyunun 19-da Cenevrədə imzalanması planlaşdırılır. Tehranın bəyanatına görə, memorandum imzalandıqdan sonrakı 60 günlük müddət ərzində tərəflər İranın nüvə proqramını da müzakirə edəcəklər. Bundan əlavə, iyunun 15-dən etibarən ABŞ tərəfindən İrana tətbiq edilən dəniz blokadasının başa çatdığı, eləcə də Livan da daxil olmaqla bütün cəbhələrdə hərbi əməliyyatların dərhal və daimi olaraq dayandırıldığı elan edilir.