Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
ABŞ-da “Boeing” təyyarələri qadağan olundu
ABŞ “Boeing 737 MAX 8” və “MAX 9” hava gəmilərinin bütün uçuşlarını dayandırıb. Bu barədə prezident Donald Tramp xəbər verib.
Prezidentin sözlərinə görə, xüsusi sərəncama qədər uçuşlara icazə verilməyəcək. Hazırda havada olan təyyarələrin istismarı yerə endikdən sonra dayandırılacaq. Donald Trampın sözlərinə görə, bu təyyarələrin idarə edilməsi çox mürəkkəbdir və baş açmaq üçün “Eynşteyn olmaq lazımdır”.
Daha öncə ABŞ Mülki Aviasiya Federal İdarəsi “Boeing 737 MAX” təyyarələrinin uçuşlarının qadağan edilməsi üçün səbəb olmadığını bildirmişdi. “Boeing” şirkətinə təyyarələrin keyfiyyətinin arıtılması üçün təlimat göndərilsə də, onların uçuş üçün təhlükəsiz olduğu da qeyd edilmişdi.
“Boeing 737 MAX” seriyasından olan hava gəmilərinin istismarına 2017-ci ildən başlanılıb.
Xatırladaq ki, martın 10-da “Ethiopian Airlines” şirkətinə məxsus “Boeing 737” hava gəmisi qəzaya uğrayıb. Qəza nəticəsində göyərtədə olan 157 nəfər, o cümlədən 8 ekipaj üzvü həlak olub.
Bu qəzadan sonra Türkiyə, Almaniya, Avstraliya, Sinqapur, Malayziya, Oman, Çin, Cənubi Koreya, Hindistan və digər ölkələrə məxsus ümumilikdə 26 aviaşirkət bu təyyarələrlə uçuşu dayandırıb.
Rəylər