ABŞ-da kiçik mühərrikli təyyarə Florida ştatının Fort-Loderdeyl şəhərində hündürmərtəbəli binaya çırpılıb.
“CBS4 Miami” telekanalının məlumatına görə, aviaqəza nəticəsində təyyarənin pilotu ölüb.
İnsident yerli vaxtla 11:55-də (Bakı vaxtı ilə 20:55, - red.) baş verib. Reklam plakatı daşıyan təyyarə 18 mərtəbəli binanın 16 və 17-ci mərtəbələri arasında olan hissəsinə çırpılaraq, yaxınlıqdakı hovuza düşüb.
Yaşayış binasında bir ildən çox təmir işlərinin getdiyi bildirilir.
Telekanalın məlumatına görə, binanın 100-ə yaxın sakini təxliyə olunub, onlardan heç biri xəsarət almayıb.