ABŞ-ın Oklahoma ştatında polis əməkdaşları iki kişini daşqından xilas ediblər. Bundan sonra isə onlardan birinə qarşı silah tətbiq etməli olublar, Oxu.Az ABC News-a istinadən xəbər verir.
Hadisə mayın 29-da saat 21:30 radələrində, Talsa şəhərinin (Oklahoma ştatı) 30 kilometrliyində baş verib.
Bildirilir ki, içərisində iki nəfərin olduğu avtomobil daşqınla əlaqədar yolda ilişib, onlar maşını yolun hərəkət hissəsindən kənarlaşdırmağa çalışıblar. Hüquq-mühafizə orqanlarının əməkdaşları vətəndaşların köməyinə gəliblər.
“Polislər kişiləri sudan çıxmağa məcbur etməyə çalışıblar, çünki onların təhlükəsizliyinə görə ehtiyat edirlərmiş. Zərərçəkənlər avtomobili tərk etdikləri üçün çox narazı qalıblar”, - deyə, kapitan Pol Timmons bildirib.
Polislər kişini daşqın zonasını tərk etməyə məcbur etdikdən sonra onlardan biri polisə hücum edib və nəticədə güllələnib. Hələlik nə qədər atəşin açıldığı, silahdan bir polisin yaxud hər ikisinin istifadə edib-etmədiyi qaranlıq qalır.
“İndi hadisənin necə baş verdiyi məlum deyil”, - deyə, Timmons qeyd edib və bildirib ki, həmin şəxslərdən biri ictimai yerdə səroxş vəziyyətdə olmağa görə həbs edilib.
www.oxu.az