Avqustun 23-də ABŞ-nin Montana ştatının Billinqs şəhərindəki evlərin birində ailə münaqişəsi zəminində baş verən atışma və yanğın nəticəsində dördü uşaq olmaqla səkkiz nəfər həyatını itirib.
Oxu.Az xəbər verir ki, bu barədə avqustun 26-da yerli hüquq-mühafizə orqanlarına istinadən "ABC News" telekanalı məlumat yayıb.
Evdəki atışma ilə bağlı polisə yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə 24 avqust 04:00 - red.) məlumat daxil olub. Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları silah səsləri eşidiblər, bu zaman ev artıq tamamilə alovlar içində olub. Həlak olanların adları və yaşları açıqlanmır. Polisin arxa həyətdə aşkarladığı şübhəli şəxs güllə yarası ilə xəstəxanaya çatdırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb və o, tibb müəssisəsində ölüb.
"Biz hər şeyin ailə daxilindəki mübahisədən başladığını düşünürük", - deyə yerli polisdən bildirilib.
Telekanalın məlumatına görə, ərazidə yanğın hidrantlarının olmaması səbəbindən hadisə yerinə cəlb edilən xilasedicilər olduqca çətin şəraitdə işləməli olublar.
Hazırda hadisə ilə bağlı araşdırmalar davam etdirilir.