ABŞ-nin Oklahoma-Siti şəhərindəki bibliya metodist kilsəsinin təsisçisi, pastor Darrel Stetler moizələrini tez bir zamanda hazırlamaq üçün süni intellektdən aktiv şəkildə istifadə edir.
Oxu.Az "The Wall Street Journal" qəzetinə istinadən xəbər verir ki, yeddi övlad atası olan pastor ailəsinin maddi tələbatlarını ödəmək üçün əlavə işlərdə çalışdığından, bu yolla vaxta qənaət etməyə çalışır.
Stetler bildirib ki, o, süni intellektin köməyi ilə digər keşişlər üçün tədris proqramları da hazırlayır və kilsə xidmətində süni intellektlə bağlı eksperimentlər aparan keşişlər qrupunun təsisçisidir.
Kaliforniyadan olan 37 yaşlı keşiş Castin Lester isə "PastorGPT" adlı süni intellekt modelini yaradıb. Bu model hər həftə internetdəki moizələr əsasında təlim keçir və mütəmadi olaraq yenilənir. Modele inteqrasiya olunmuş erkən xəbərdarlıq sistemi dindarların müraciətlərinin məzmunundan asılı olaraq, din xadimlərinə konkret mövzuda mühazirə oxumağın zəruriliyini xatırladır. Nəşrin məlumatına görə, artıq 30-dan çox kilsə "PastorGPT" modelindən fəal şəkildə istifadə edir.