Rusiyadan olan taksi sürücüsü ABŞ-də təsadüfən hərbi bazanın ərazisinə daxil olduğu üçün saxlanılıb.
Oxu.Az xəbər verir ki, bu barədə "SHOT" "Telegram" kanalı məlumat yayıb.
Məlumata görə, taksi sürücüsü kimi çalışan kişi naviqatorla sifarişə gedərkən yolu azıb və Kaliforniyadakı "Camp Pendleton" dəniz piyadaları bazasının darvazası qarşısına gəlib çıxıb. Rusiyalını müştəri əvəzinə hərbçilər qarşılayıb və onu miqrasiya xidmətinin əməkdaşlarına təhvil veriblər. Taksi sürücüsü saxlama mərkəzinə göndərilib və onun deportasiyası proseduruna başlanılıb.
Məlumata görə, həmin şəxs 2019-cu ildə tələbə vizası ilə ABŞ-yə köçüb. Bir il sonra vizanın müddəti bitib. Bundan sonra rusiyalı sığınacaq üçün müraciət edib, biometrik məlumatlarını verib və iş icazəsi alıb. Hakim qərara gəlib ki, bu sənədlər ona məhkəmə araşdırmasının sonuna qədər azadlıqda qalmaq hüququ vermir. İndi Hollivud filmlərində epizodik rollarda da çəkilmiş həmin şəxsi ABŞ-dan deportasiya təhlükəsi gözləyir.
