Amerika Birləşmiş Ştatlarında kayakçılar 40 il bundan əvvəl itkin düşmüş qadının sümük qalıqlarını aşkar ediblər.
Oxu.Az-ın "New York Post" nəşrinə istinadən verdiyi məlumata görə, insan qalıqları 2024-cü ilin may ayında Florida ştatının Keyp-Koral şəhərindəki kanallardan birində kayakla üzən cütlük tərəfindən tapılıb.
Nyu-Yorkun Livinqston dairəsi şerif ofisinin iştirakı ilə 2026-cı ilin may ayında aparılan DNT analizi tapılan skeletin kimliyini müəyyənləşdirməyə imkan verib. Məlum olub ki, qalıqlar 1984-cü ilin sonlarında sevgilisi və onun anası ilə birgə Dansvilldən Floridaya köçmüş 23 yaşlı Rouz Mari Qeyharta məxsusdur.
Qadın "Big Howie's Hot Dogs" adlı kafedə çalışıb və son dəfə 1985-ci il martın 21-də qırmızı rəngli pikap avtomobilinə əyləşərkən görülüb.
Mərhumun bacısı Lori Trevisin sözlərinə görə, Rouzun yaşadığı treyler parkındakı qonşular sına şüşə və mübahisə səsləri eşitdiklərini bildiriblər. Həmçinin onun hamilə olduğu, evə qayıtmaq istədiyi, lakin sevgilisinin buna mane olduğu ehtimal edilir.
Hazırda Keyp-Koral şəhər polisi faktla bağlı qətl maddəsi üzrə istintaqı yenidən bərpa edərək potensial qatilin axtarışlarına başlayıb.