Böyük Britaniyanın yeni Baş naziri Endi Börnhem Dauninq-stritdəki iqamətgahda yaşayan pişik Larrinin rahatlığını qorumaq məqsədilə öz itini oraya gətirməyəcəyini açıqlayıb. Börnhemin sözlərinə görə, bişon-frize və pudel qarışığı olan Aksel adlı iti İngiltərənin şimalında qalmalı olacaq.
Oxu.Az xəbər verir ki, bu barədə bir həftə əvvəl baş nazir vəzifəsinə keçən Mançesterin sabiq meri BBC-yə müsahibəsində bildirib.
O qeyd edib ki, Akseli iqamətgaha gətirərək Larrinin öyrəşdiyi sakitliyi pozsa, ölkə vətəndaşları ona minnətdar olmazdı. O, həmçinin əlavə edib ki, itində "əsəbi adam" xarakteri var.
Öz növbəsində, Larri "X" sosial şəbəkəsində iqamətgahın yeni sahibinin iti ilə yola getməyəcəyini təsdiqləyib. Larrinin adından idarə olunan hesabda paylaşılan postda "Tamamilə doğrudur" ifadəsi yer alıb.

Qeyd edək ki, pişik Larri 2011-ci ildən etibarən Britaniya baş nazirinin iqamətgahında yaşayır. Bu illər ərzində o, Böyük Britaniyanın altı hökumət başçısının - Devid Kemeron, Tereza Mey, Boris Conson, Liz Trass, Rişi Sunak və Kir Starmerin dəyişməsinə şahidlik edib. Sığınacaqdan götürülmüş bu heyvan Britaniya Nazirlər Kabinetinin katibliyində baş siçantutan kimi rəsmi vəzifəyə malikdir. Larrinin "X" səhifəsində tez-tez britaniyalı siyasətçilərə ünvanlanmış kinayəli paylaşımlar edilir.
Damn straight. https://t.co/ZAyhc4g72A
— Larry the Cat (@Number10cat) July 27, 2026