Kanadanın Vindzor şəhəri ilə ABŞ-nin Detroyt şəhərini birləşdirən Qordi Hou beynəlxalq körpüsü iyulun 27-dən etibarən nəqliyyatın istifadəsinə açılıb.
Oxu.Az xəbər verir ki, məlumatı mk.ru yayıb.
Körpünün açılışı əvvəlcə iyun ayına planlaşdırılsa da, Kanada ilə ABŞ arasında maliyyə məsələlərinə dair fikir ayrılıqları səbəbindən təxirə salınmışdı. Daha sonra tərəflər tariflər, idarəetmənin şəffaflığı və sərhədyanı bölgəyə investisiyalarla bağlı razılıq əldə ediblər.
ABŞ Prezidenti Donald Tramp yeni razılaşmanı ölkəsi üçün "daha sərfəli saziş" adlandırıb. "Reuters"in məlumatına görə, ABŞ ödənişli keçidlərdən əldə olunan gəlirlərin yarısını alacaq və gediş haqqının mövcud tarifdən 10%-dən çox artırılmasına veto qoya biləcək.
2018-ci ildə tikintisinə başlanılan körpünün dəyəri 4.5 milyard dolları təşkil edib. Uzunluğu 2.5 kilometr, əsas aşırımı isə 853 metr olan tikili Şimali Amerikanın ən uzun aşırımlı körpüsü hesab olunur.
Altı hərəkət zolağından ibarət olan körpünün istifadəyə verilməsi sərhəd keçidini təxminən 20 dəqiqə sürətləndirəcək və yükdaşımaların səmərəliliyini artıracaq. Yeni keçid ABŞ-Kanada sərhədində yükün böyük hissəsini daşıyan "Ambassador Bridge" körpüsünün də yükünü qismən azaldacaq.