ABŞ-li keçmiş teleaparıcı Angelinn Mok 80 yaşlı anası Anita Aversi öldürdüyü üçün ömürlük azadlıqdan məhrum edilib.
Oxu.Az xəbər verir ki, bu barədə "12news" portalı məlumat yayıb.
Məlumata görə, Kanzas ştatının Secvik dairə məhkəməsinin qərarı əsasında məhkum 25 il ərzində vaxtından əvvəl şərti azadlığa buraxılma hüququ olmadan cəza çəkəcək. Qərar avqust ayında təqsirləndirilən şəxsin günahkar bilinməsindən sonra qəbul edilib.
Bildirilir ki, polis 2025-ci ilin payızında "Halloween" bayramından sonra Aversi öz evində bıçaq xəsarətləri ilə tapıb və qısa müddət sonra onun qızını saxlayıb. İlk əvvəl Mok anasının mətbəx bıçağı götürərək ona hücum etdiyini və bu səbəbdən özünü müdafiə etmək məcburiyyətində qaldığını iddia etsə də, sonradan ittihamın bir bəndi üzrə günahını etiraf edib.
Aparıcının ögey atası onun bipolyar pozuntu diaqnozu aldığını, daha sonra isə qadında şizoaffektiv pozuntu aşkar edildiyini bildirib. Nəşrin məlumatına görə, o, həmçinin anasının şeytan olduğunu söyləyib.