Vaşinqtonda keçirilən danışıqlarda rəsmi Beyrut və Təl-Əviv nümayəndələri "Hizbullah" təşkilatı ilə münaqişə zamanı İsrail hərbçiləri tərəfindən nəzarətə götürülmüş Cənubi Livanın bir hissəsinin qarşı tərəfə təhvil verilməsi ideyasını müzakirə edirlər.
Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" agentliyi Livan və İsrail mənbələrinə istinadən məlumat yayıb.
Bildirilib ki, ABŞ tərəfindən dəstəklənən plana əsasən, Livan hərbçiləri əvvəlcə ABŞ-nin hazırlıq və yoxlama prosesindən keçməlidirlər. Beləliklə, Birləşmiş Ştatlar bu hərbçilərin "Hizbullah"la heç bir əlaqəsinin olmadığına əmin olacaq. İsrail isə öz növbəsində Livanla sərhəddəki bufer zonasında hərbi iştirakını qoruyub saxlamalıdır.
Qeyd edək ki, iyunun 23-də Vaşinqtonda ABŞ-nin vasitəçiliyi ilə Livan-İsrail danışıqlarının beşinci mərhələsinə start verilib. Diplomat Simon Karamın rəhbərlik etdiyi Beyrut nümayəndələri Livanın Litani çayının cənubundakı ərazini silahsızlaşdırılmış təhlükəsiz zonaya çevirmək öhdəliyi müqabilində İsrail qoşunlarının cənub bölgələrindən çıxarılması qrafikinin müzakirəsində israr edirlər. İsrail nümayəndə heyəti Livan ordusunun "Hizbullah"ın yeraltı tunellər şəbəkəsi yaratdığı Nəbatiyə yaxınlığındakı Əli-ət-Taher dağlıq bölgəsini təmizləyəcəyi təqdirdə qoşunların çıxarılmasına başlamağa hazır olduğunu bildirib. İsrail qoşunlarının mərhələli şəkildə çıxarılmasına gəldikdə isə bu proses Litani çayının şimal sahilindən (Nəbatiyə və Kfar-Tibnitdən), eləcə də Cənubi Livanın qərb sektorundan başlaya bilər.