ABŞ-nin "United Airlines" aviaşirkətinin layner heyəti sərnişinlərdən birinə müharibə əleyhinə yazı olan köynəyini dəyişdirməyənə qədər uçuşa icazə verməyib.
Oxu.Az xəbər verir ki, bu barədə "Fox News" telekanalı məlumat yayıb.
Məlumata əsasən, Nyu-Cersi ştatı, Linden şəhərində yaşayan Sem Saadeh Atlanta (Corciya) şəhərindən Nyuarka (Nyu-Cersi) səfər edərkən bu halla üzləşdiyini deyib. Sərnişinin əynindəki köynəkdə "Uşaqların üzərinə bomba atmaq özünümüdafiə deyil" sözləri yazılıb. O, təyyarədəki yerinə əyləşdikdən sonra "United Airlines" əməkdaşı ona yaxınlaşaraq geyimindəki yazının təhqiredici xarakter daşıdığını qeyd edib. Şirkət nümayəndəsi həmin şəxsdən köynəyini dəyişdirməyi tələb edib və əks təqdirdə uçuşa icazə verilməyəcəyi barədə xəbərdarlıq edib.
Lakin aviaşirkət təmsilçisi sərnişinin "United Airlines"a aid hansı uçuş qaydasını pozduğunu konkret olaraq izah etməkdə çətinlik çəkib. Aviaşirkətdən telekanala verilən açıqlamada yalnız o vurğulanıb ki, sərnişin geyimini dəyişdikdən sonra uçuşunu davam etdirə bilib. Qurum mövzu ilə əlaqədar əlavə hər hansı bir şərh verməkdən imtina edib.
Öz növbəsində fələstinli köklərə malik ABŞ-li S.Saadeh vurğulayıb ki, libasındakı yazı, sadəcə, zorakılığa qarşı mövqeyini və milliyyətindən, etnik mənsubiyyətindən asılı olmayaraq bütün uşaqların qorunması çağırışını əks etdirir. Hazırda sərnişin sözügedən aviaşirkət barəsində ABŞ Nəqliyyat Nazirliyinə rəsmi şikayət ünvanlayıb.