ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri mayın 1-dən etibarən ölkədə 15 mindən çox təsdiqlənmiş siklosporoz yoluxması halı qeydə alıb.
Oxu.Az xəbər verir ki, bu barədə mərkəzin məlumatında deyilir.
"2026-cı il mayın 1-dən etibarən mərkəzlərə ABŞ-də laboratoriya tərəfindən təsdiqlənmiş 15 716 siklosporoz yoluxması barədə məlumat daxil olub", - deyə tənzimləyici qurumun saytında dərc olunan məlumatda bildirilir.
Daha 11 841 hal əlavə yoxlama tələb edir. Siklosporoz epidemiyası 47 ştatda qeydə alınıb. May ayından etibarən 828 nəfər xəstəxanaya yerləşdirilib, iki yoluxma halı isə ölümlə nəticələnib.
Siklosporoz nazik bağırsağı zədələyən "Cyclospora cayetanensis" parazitinin törətdiyi bağırsaq xəstəliyidir. Yoluxma çirklənmiş qida və ya su qəbul edildikdə baş verir. Xəstəlik uzunmüddətli sulu ishala, yorğunluğa, iştahanın itirilməsinə və mədə spazmlarına səbəb olur.