ABŞ-də səkidə yıxılan qadına 7,5 milyon dollar təzminat verilib.
Oxu.Az "People" nəşrinə istinadən xəbər verir ki, Kaliforniyadan olan müəllimə Justin Qurrola səkidə yıxılaraq aldığı xəsarətlərə görə Uittiyer şəhərini məhkəməyə verib.
O, ağac köklərinin səbəb olduğu qeyri-bərabər bir səthə toxunaraq yıxıldığını iddia edib. Məhkəmə sənədlərinə görə, hadisə zamanı qadının biləyi, dirsəyi və burnu sınıb, diz, boyun və kürək nahiyəsindən xəsarət alıb.
Həkimlər ona yüngül beyin travması və bu günə qədər də davam edən xroniki ağrı diaqnozu qoyublar.
Məhkəmə bir neçə həftə davam edib və şəhərin hadisəyə görə tam məsuliyyət daşıdığı barədə qərar çıxarılıb.
Qadının vəkili qeyd edib ki, şəhər rəsmiləri illərdir sakinlərin zədələnmiş səkilərlə bağlı şikayətlərinə məhəl qoymayıb, effektiv yoxlama və təmir protokollarını həyata keçirməyiblər.
"İctimai təhlükəsizlik təkcə polis və yanğınsöndürənlərə aid deyil. Bu, həm də insanların səhlənkarlıq nəticəsində xəsarət alması və ya ölməsinin qarşısını almaq üçün infrastrukturun saxlanmasıdır. Faciənin baş verməsini gözləmək yolverilməzdir", - vəkil bildirib.
Kaliforniyalı müəllimə vurğulayıb ki, onun iddiası pulla bağlı deyil, gələcəkdə oxşar hadisələrin qarşısını almaq üçündür: "Yıxılandan sonra sevdiyim işi daha edə bilmədim və bu, ürəyimi sındırdı. Ən əsası odur ki, heç kim mənim kimi əziyyət çəkməsin".