Amerika Birləşmiş Ştatları əhalisinin təxminən yarısı ölkə tarixinin ən parlaq dövrünün artıq keçmişdə qaldığı qənaətindədir.
Oxu.Az xəbər verir ki, bu barədə "CBS News" telekanalının "YouGov" ictimai rəyin öyrənilməsi institutu ilə birgə həyata keçirdiyi sorğunun nəticələrində qeyd olunur.
Məlumata görə, rəyi soruşulanların 47 faizi bu mövqeni bölüşür. İştirakçıların daha 41 faizi ən yaxşı günlərin hələ irəlidə olduğunu, yalnız 12 faizi isə ölkənin məhz hazırda özünün ən gözəl dövrünü yaşadığını düşünür. Bununla yanaşı, amerikalıların 67 faizi ölkədə demokratiyanın təhlükə ilə üzləşdiyinə inanır. Respondentlərin təqribən üçdə biri 50 ildən sonra dövlətin vəziyyətinin daha da pisləşəcəyini bildirib.
Sosioloqlar. həmçinin ABŞ vətəndaşlarının müasir şəraitdə "Amerika arzusu"na - mənşəyindən asılı olmayaraq hər kəsin çox çalışaraq azadlıq, bərabərlik və sosial müvəffəqiyyət əldə edə biləcəyi ideyasına inanıb-inanmadığını da öyrəniblər. İştirakçıların cəmi 17 faizi bu məqsədə çatmağın mümkünlüyünə "tam əmin" olduqlarını söyləyib, yarıdan çoxu isə bunun qeyri-mümkün olduğunu vurğulayıb. Eyni zamanda, amerikalıların 57 faizi hazırkı dövrdə yalnız kiçik bir elita təbəqəsinin uğur qazana biləcəyini ehtimal edir.
Qeyd edək ki, sözügedən tədqiqat ABŞ-nin müstəqilliyinin 250 illiyi ərəfəsində - 23-26 iyun tarixlərində aparılıb. Sorğuda ölkənin 2 150 nəfər yetkinlik yaşına çatmış vətəndaşı iştirak edib.