ABŞ İran nefti ilə əməliyyatlara icazə üçün verilmiş lisenziyanı geri çağırıb. İyulun 7-dən etibarən yeni müqavilələrin bağlanması qadağandır.
Oxu.Az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) sənədində bildirilir.
Qeyd olunur ki, köhnə müqavilələr üzrə əməliyyatlar iyulun 17-nə qədər başa çatdırıla bilər.
Sözügedən lisenziya iyunun 22-də verilmişdi və İran nefti, neft məhsulları, həmçinin neft-kimya məhsullarının istehsalı, satışı, çatdırılması və boşaldılması əməliyyatlarına şamil olunurdu. İlkin şərtlərə görə, sənədin qüvvədə olma müddəti avqustun 21-nə qədər davam etməli idi.
İran neftinin ixracına icazə verilməsi ABŞ və İran arasında münaqişənin nizamlanmasına dair imzalanmış memorandumun bəndlərindən biri olub. Lakin iyulun 7-də Hörmüz boğazında Qətər və Səudiyyə Ərəbistanına məxsus iki tanker hücuma məruz qalıb. Hər iki ölkə hücuma görə məsuliyyəti İranın üzərinə qoyub.