Daşkəsən rayonunun Zivlən kəndində kənd sakinləri arasında münaqişə baş verib. İddiaya görə, 52 yaşlı kənd sakini Zöhrab İmanov 13 yaşlı yeniyetməyə armaturla xəsarət yetirib.
Oxu.Az xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında deyilir.
Zərərçəkənin əmisi Mahir İsmayılovun bildirdiyinə görə, hadisəyə səbəb kənd yolunda heyvanların hərəkəti ilə bağlı yaranan mübahisə olub. O, qarşı tərəfin kənd daxilində çox sayda qoyun və it saxladığını, uşağın isə yoldan keçə bilmədiyi üçün itlərin yoldan uzaqlaşdırılmasını istədiyini qeyd edib. Bu zəmində yaranan mübahisə nəticəsində Zöhrab İmanovun uşağa arxadan armaturla zərbə endirdiyi, daha sonra isə kəsici alətlə hücum etmək istədiyi iddia olunur.
Zərərçəkənin əmisi, həmçinin əlavə edib ki, Zöhrab İmanovla əvvəllər də analoji insident yaşanıb və o, əvvəlki illərdə Mahir İsmayılova məxsus "Niva" markalı avtomobilə ov tüfəngindən atəş açıb.
Hadisədən sonra xəsarət alan yeniyetmə xəstəxanaya çatdırılıb. Gəncə Şəhər Birləşmiş Xəstəxanasının şöbə müdiri Rahət Hüseynlinin verdiyi məlumata görə, xəstə beyin silkələnməsi və baş nahiyəsinin əzilmiş yarası diaqnozu ilə qəbul edilib. Ambulator müayinələrdən sonra xəstə stasionar müalicəyə cəlb olunub, hazırda vəziyyəti stabildir.
Ailənin müraciəti əsasında Daşkəsən rayonunun ekspertiza şöbəsində müvafiq ekspertiza təyin olunub və faktla bağlı araşdırmalara başlanılıb.